2012

  • Yaradılıb 21.09.2012 11:00
  • Yenilənib 07.02.2013 07:44
  • Nəşr edilib 21.09.2012 11:00

2012-ci ildə sosial sahələrin inkişafı haqqında

 

Məşğulluq və işsizlik: 2013-cü il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin sayı 4688.4 min nəfər olmuş, onlardan 4445.3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
2012-ci ilin noyabr ayında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1470.2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 897.9 min nəfər, qeyri-dövlət bölməsində 572.3 min nəfər təşkil etmişdir. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 37.9 min nəfər, qeyri-neft sektorunda isə 1432.3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1427.2 min nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı məhsul istehsalı sahələrində, onlardan 2.6 faizi mədənçıxarma sənayesində, 6.3 faizi emal sənayesində, 2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 6.7 faizi tikintidə, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşlar.
Xidmət sahəsində çalışanların 23.5 faizi təhsil, 19.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4.9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4.4 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3.3 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi informasiya və rabitə, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 1.8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0.8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində cəmlənmişdir.
2013-cü il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36.8 min nəfər olmuş, onların 42.1 faizini qadınlar təşkil etmişdir. Bir boş iş yerinə (vakansiyaya) tələbat işsiz statusuna malik olan 2 nəfər şəxsdən ibarət olmuşdur. İşsizliyə görə müavinətin orta məbləği 224.1 manat olmuşdur.
Əhalinin gəlirləri: 2012-ci ildə əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki illə müqayisədə 12.2 faiz artaraq 3784.3 manat və ya orta hesabla ayda 315.4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 11.1 faiz bəndi üstələmiş və real olaraq 11 faiz artmışdır.
Bu dövrdə ölkə əhalisi tərəfindən əldə edilmiş 34.7 milyard manatlıq gəlirin 61 faizi son istehlak xərclərinə, 8.6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1.1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 29.3 faizi isə yığıma yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirləri 31.7 milyard təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 13.8 faiz artmışdır.
Əmək haqqı: 2012-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 391.4 manat təşkil etmişdir.
Orta aylıq əmək haqqı neft sektorunda 1410.5 manat, qeyri-neft sektorunda 363 manat, dövlət bölməsində 327.6 manat, özəl bölmədə 491.9 manat təşkil etmişdir.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 215.9 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 366.1 manat təşkil etmişdir.
Sosial təminat: Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ötən il pensiyaların və sosial müavinətlərin məbləği artırılmışdır.
İlkin məlumatlara əsasən, 2013-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1270.5 min nəfər olmuş və ölkə əhalisinin 13.8 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta aylıq məbləği 151.7 manata çatmış və orta aylıq əmək haqqının 38.3 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 314 min nəfər sosial müavinət, 35 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 130 min ailənin 585 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2012-ci il ərzində birdəfəlik müavinət alanların sayı 122.5 min nəfər olmuşdur.
Demoqrafik vəziyyət: İlkin məlumatlara əsasən 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 121.4 min nəfər və yaxud 1.3 faiz artaraq 9356.5 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 108 nəfər olmuşdur. Əhalinin 52.9 faizi şəhər, 47.1 faizi isə kənd yerlərində məskunlaşmış, 49.6 faizi kişilərdən, 50.4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1016 qadın düşür. Əhalinin 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 5.8 faizi 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 30.3 faizini 14.29 yaşda gənclər təşkil edir.
2012-ci ildə rəsmi orqanlar tərəfindən 79.3 min nikah və 11 min boşanma qeydə alınmışdır.
Səhiyyə: Ötən il ərzində ölkədə səhiyyə sahəsində 84 tibb müəssisəsində təmir-tikinti işləri aparılmış, onlardan 38-də (Bakı şəhərində -21, regionlarda -17) təmir-tikinti işləri başa çatdırılmış və istifadəyə verilmişdir.
2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuş və hazırda onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387.7 milyon manat vəsait xərclənmişdir.
İlkin məlumatlara əsasən, 2013-cü ilin əvvəlinə ölkədə 32 min həkim və 57.9 min orta tibb işçisi çalışan 524 xəstəxana və 1697 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.
Ekologiya: Ötən il Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ötən il Xaçmaz rayonunda sahəsi 11.8 min hektar olan Samur-Yalama Milli Parkı yaradılmışdır. 2013-cü ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209.3 min hektar olan 11 dövlət qoruğu, sahəsi 322.3 min hektar olan 9 milli park və sahəsi 365.2 min hektar olan 24 yasaqlıq mövcuddur.
Təhsil: Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.
İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1629 dövlət və 37 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq və ya 1-5 yaşlı uşaqların 16 faizi tərbiyə alır.
2012/2013-cü tədris ilinin əvvəlinə ölkənin 4488 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1.3 milyon şagird təhsil almışdır. Bundan əlavə sağlamlıq imkanları məhdud olan 6985 uşağın təhsil aldığı 18 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.
Hazırda hər 28 şagirdə orta hesabla bir kompüter düşür, halbuki 6 il əvvəl 101 şagirdə bir kompüter düşürdü.
2012/2013-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 55954 tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.
Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 145584 nəfər olmuşdur ki, onların da 48 faizini qadınlar təşkil edir.
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 46 xarici ölkənin 4441 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edir.

 

← Geriyə