2012

  • Yaradılıb 20.11.2012 08:37
  • Yenilənib 07.02.2013 07:40
  • Nəşr edilib 20.11.2012 08:37

2012-ci ildə aqrar sahənin inkişafı barədə


2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4763.7 milyon manat (keçən il 4525.2 milyon manat) təşkil etmiş və keçən ilin eyni dövrünə nisbətən 5.8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 5.8 faiz, heyvandarlıq məhsulları üzrə 5.9 faiz artmışdır.
Ötən il əsas kapitala yönəldilmiş bütün vəsaitin 3.8 faizi (xüsusi çəkisi) və ya 583.5 mln manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin inkişafına sərf edilmişdir. 2011-cu illə müqayisədə 31.4 faiz çox investisiya qoyulmuşdur.
Sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkələrinin genişləndirilməsi, kənd təsərrüfatı texnika ilə təminatının yaxşılaşdırılması, cins mal-qaranın lizinqə verilməsi və s.) kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmişdir.
2012-ci ildə 1030.8 min hektar (qarğıdalı daxil edilməklə) taxıl sahəsi biçilmiş və 2802.2 min ton məhsul götürülmüşdür. Hektarın orta hesabla məhsuldarlığı 27.2 sentner olmuşdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 14 faiz və ya 343.8 min ton, məhsuldarlıq isə 1.8 sentner artmışdır.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 65.9 faizini və ya 1847.4 min tonunu buğda təşkil etmişdir.
Hesabat ilində sahələrdən 968.5 min ton kartof, 1214.9 min ton tərəvəz bitkiləri, 428.0 min ton ərzaq üçün bostan məhsulları toplanmışdır.
Ötən il cəmi 4.3 min ton tütün yarpağı yığılmışdır. 2011-ci illə müqayisədə tütün istehsalı 19.3 faiz (0.7 min ton) və məhsuldarlıq 3 sentner artmışdır. 2012-ci ildə 3.6 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilmişdir. Hektardan 337 sentner məhsul götürülməklə 175.7 min ton şəkər çuğunduru istehsal edilmişdir.
2012-ci ildə meyvə və giləmeyvə istehsalı 2011-ci ilə nisbətən 44 min ton (5.7 faiz), üzüm istehsalı 13.1 min ton (9.6 faiz) və çay yarpağı istehsalı 33.8 ton (6.3 faiz) artaraq müvafiq olaraq 809.8 min tona,150.1min tona və 567.9 tona çatmışdır.
Təsərrüfatlarda payızlıq-tarla işləri başa çatmışdır. Gələn ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla 1079.2 min hektar şumun 93.4 faizi əkin üçün istifadə edilmiş və 2013-cü ilin məhsulu üçün 1008.2 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Bunun da 997.4 min hektarı və ya 98.9 faizi dən üçün nəzərdə tutulmuşdur. Dənlik taxılın 69.2 faizi və ya 690.5 min hektarı buğda əkini sahəsidir. 2011-ci illə müqayisədə taxılın əkin sahəsi 4.3 faiz, o cümlədən buğdanın əkin sahəsi 0.2 faiz genişlənmişdir.
Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının artmasına öz müsbət təsirini göstərmişdir.
2012-ci ildə ölkə üzrə 2703.9 min baş iri buynuzlu mal-qara, o cümlədən 1302.3 min baş inək və camış, 8651.2 min baş qoyun və keçi mövcud olmuşdur. 2011-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 22 min baş (0.8 faiz), o cümlədən inək və camışların sayı 14.2 min baş (1.1 faiz) , qoyun və keçilərin sayı isə 91.9 min baş (1.1 faiz) artmışdır
2012-ci ildə ölkədə diri çəkidə 478.8 min ton ət (diri çəkidə), 1719.6 min ton süd, 1226.7 milyon ədəd yumurta və 16.5 min ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4.3 faiz, süd istehsalı 6 faiz, yumurta istehsalı 21.3 faiz və yun istehsalı 1.6 faiz artmışdır.

 

← Geriyə