2013

  • Yaradılıb 03.05.2013 11:01
  • Yenilənib 05.02.2014 12:17
  • Nəşr edilib 03.05.2013 11:01

Sosial sahələr


Məşğulluq və işsizlik. 2014-cü il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4757.8 min nəfər olmuş, onlardan 4521.2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
2013-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505.9 min nəfər olmuş və onlardan 901.8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 604.1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5 faizi mədənçıxarma sənayesində, 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olmuşlar.
2014-cü il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36.2 min nəfər olmuş, onların 41.5 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 268.5 manat olmuşdur.
Əhalinin gəlirləri. 2013-cü ildə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.0 faiz artaraq 37.6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 4039.6 manat və ya ayda orta hesabla 336.6 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4.2 faiz bəndi üstələyərək 6.6 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 64.3 faizi son istehlaka, 8.3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1.8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25.6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan 34.5 milyard manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 8.0 faiz çox olmuşdur.
Əmək haqqı. 2013-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 419.0 manat təşkil etmişdir.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elm və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 293.5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək 338.9 manat təşkil etmişdir.
Demoqrafik vəziyyət. İlkin məlumatlara əsasən, Azərbaycan Respublikasının əhalisinin sayı 2013-cü ilin əvvəlinə nisbətən 120.6 min nəfər və yaxud 1.3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477.1 min nəfər olmuşdur.
2013-cü ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş vermişdir. Bununla yanaşı miqrasiya artımı da müşahidə olunmuş və bu amil əhalinin ümumi artımının 1.8 faizini təşkil etmişdir.
Ölkə əhalisinin ümumi sayından 53.1 faizi şəhər, 46.9 faizi kənd sakinlərinin, 49.7 faizi kişilərin, 50.3 faizi isə qadınların payına düşür. Hər 1000 kişiyə 1012 qadın düşür.
Ötən il Azərbaycan Respublikası üzrə doğulanların sayı ölənlərin sayından 118.4 min nəfər çox olmuşdur.
2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün 3.0 min nəfər gələn və 0.8 min nəfər ölkədən gedən qeydə alınmışdır. İmmiqrantların 33.7 faizini Rusiya Federasiyasından, 5.3 faizi Ukraynadan, 4.4 faizini Qazaxstandan gələnlər, emiqrantların isə müvafiq olaraq 49.6 faizini, 7.8 faizini və 33.0 faizini həmin ölkələrə gedənlər təşkil etmişlər.
Sosial təminat. İlkin məlumatlara əsasən, 2014-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1275.2 min nəfər olmuş və ölkə əhalisinin 13.6 faizini təşkil etmişdir. Təyin olunmuş pensiyaların orta aylıq məbləği 170.5 manata çatmış və orta əmək haqqının 40.3 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 316.8 min nəfər sosial müavinət, 35.2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 141.1 min 615.2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2013-cü il ərzində birdəfəlik müavinət alanların sayı 123.8 min nəfər olmuşdur.
Səhiyyə. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 2013-cü ildə 12 dəfə artmışdır.
Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onların təxminən 70 faizi regionların payına düşür.
Dövlət proqramlarının icrasına ayrılan vəsait ilbəil artırılır. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80.1 milyon manat vəsait sərf olunmuşdur. 2014-cü ildə isə 86.0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
İlkin məlumatlara əsasən, 2014-cü ilin əvvəlinə ölkədə 33.3 min həkim və 58.2 min orta tibb işçisi çalışan 550 xəstəxana və 1734 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10000 nəfərinə orta hesabla 36 həkim və 62 orta tibb işçisi düşür.
Ekologiya. 201 4-cü ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209.1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322.3 min hektar olan 9 milli park və sahəsi 361.2 min hektar olan 24 yasaqlıq mövcuddur.
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 842 nəfər vəzifəli şəxs və vətəndaşdan 1344.6 min manat məbləğində cərimə tutulmuşdur.
Təhsil. Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.
İlkin məlumatlara əsasən, 2014-cü ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1637 dövlət və 40 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 112 min uşaq və ya 1-5 yaşlı uşaqların 15.0 faizi tərbiyə alır.
2013/2014-cü tədris ilinin əvvəlinə ölkənin 4477 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1.3 milyon şagird təhsil almışdır. Bundan əlavə sağlamlıq imkanları məhdud olan 6352 uşağın təhsil aldığı 17 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.
Dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 88.3 faizi, o cümlədən şəhər yerlərində 97.4 faizi, kənd yerlərində isə 85.0 faizi kompyuterlərlə təmin olunmuşdur.
2013/2014-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 58 orta ixtisas təhsil müəssisəsində 63.3 min tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.
Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 151.3 min nəfər olmuşdur ki, onların da 48.4 faizini qadınlar təşkil edir.
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 54 xarici ölkənin 4374 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Çin Xalq Respublikası və İran vətəndaşları üstünlük təşkil edirlər.
2013/2014-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 3035 nəfər təşkil etmişdir. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.
Elm. Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.
2014-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətlərin həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 21,6 minə yaxın mütəxəssis məşğul olur, onların da 71,1 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.
2014-cü ilin əvvəlinə Milli Elmlər Akademiyasının 52 akademiki və 100 müxbir üzvü vardır.
Mədəniyyət. Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.
Bu gün Azərbaycanda 35 milyon kitabxana fondu olan 3389 kütləvi kitabxana, 2747 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
İdman. 2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələr 2013-cü ildə də davam etdirilmişdir. Müxtəlif beynəlxalq yarışlarda qazanılmış 782 medalın 280-i qızıl, 233-ü gümüş, 269-u isə bürünc əyarlıdır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd idmançımız dünya çempionu olmuşdur.
Müstəqillik dövründə respublikamızın şəhər və rayonlarında 38 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir ki, bunlardan da 4-ü 2013-cü ilin payına düşür.
2014-cü il Avropa Oyunlarına hazırlıq üçün həlledici il olacaqdır. Hazırda Bakıda 65 minlik Olimpiya Stadionu, Böyük Su idman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir.

 

← Geriyə