2014

  • Yaradılıb 23.04.2014 05:02
  • Yenilənib 30.01.2015 06:51
  • Nəşr edilib 23.04.2014 05:02

Sosial sahələr


Məşğulluq və işsizlik. 2015-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4840,7 min nəfər olmuş, onlardan 4602,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
2014-cü il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1507,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 624,0 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1471,3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,4 min nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1 faizi məhsul istehsalı sahələrində, onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4 faizi mədənçıxarma sənayesində, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olmuşlar.
Xidmət sahəsində çalışanların 22,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənmişdir.
2015-ci il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,7 min nəfər olmuş, onların 39,4 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 289,2 manat olmuşdur.
Əhalinin gəlirləri. 2014-cü ildə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 4180.5 manat və ya ayda orta hesabla 348.4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 2.1 faiz bəndi üstələyərək 3.5 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan 35,9 milyard manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1 faiz çox olmuşdur.
Əmək haqqı. 2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 442,1 manat təşkil etmişdir.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil etmişdir.
Demoqrafik vəziyyət. 2014-cü il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olmuşdur. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini kənd sakinləri təşkil edir.
Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil etmişdir. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmuşdur.
İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil etmişdir.
Ölkədə rəsmi orqanlar tərəfindən 78,5 min nikah və 11,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olmuşdur.
Cari ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınmışdır.
Sosial təminat. İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1290,0 min nəfər olmaqla ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 173,4 manata çataraq orta aylıq əmək haqqının 39,1 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 335,3 min nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120,7 min ailənin 527,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2014-cü il ərzində birdəfəlik müavinət alanların sayı 116,4 min nəfər olmuşdur.
Səhiyyə. 2013-cü illə müqayisədə 2014-cü ildə səhiyyə üçün ayrılan büdcə vəsaiti 17 faiz artaraq 725 milyon manat təşkil etmişdir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması işi davam etdirilmişdir.
Hesabat ilində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunların 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşir. İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 61 orta tibb işçisi düşür.
Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərindən olduğunu bir daha sübut edən "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair", "Ana və uşaqların sağlamlığının qorunması üzrə" Dövlət Proqramları qəbul edilmişdir. Bu sənədlər uşaqlar arasında xəstələnmə, sağlamlıq imkan-larının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Ekologiya. 2015-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2014-cü ildə 1573 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər dörd müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 727 nəfər vəzifəli şəxslərdən və vətəndaşlardan 463,4 min manat məbləğində cərimə tutulmuşdur.
Təhsil. İlkin məlumatlara əsasən, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.
2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.
2014/2015-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 50,4 min nəfərdən artıq olan 82 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.
2014-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,8 min nəfər məzundan 83,2 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat almışdır.
Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90,9 faizi kompyuterlərlə təmin olunmuşdur. Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatmışdır. Hazırda hər 22 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü.
2014/2015-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60478 tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.
Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 158212 nəfər olmuşdur ki, onların da 48,5 faizini qadınlar təşkil edir.
Elm. Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.
2015-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22,4 minə yaxın mütəxəssis məşğul olur, onların da 70,6 faizi tədqiqatçılardır. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər.
2015-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü vardır.
Mədəniyyət. Hazırda ölkədə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olunmuşdur. Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.
Bu gün Azərbaycanda 34 milyon kitabxana fondu olan 3320 kütləvi kitabxana, 2731 klub müəssisəsi, 228 muzey, 28 peşəkar teatr və 346 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2014-cü ildə muzeylərə gələnlərin sayı 2,2 milyon nəfər, teatrlara gələnlərin sayı 0,7 milyon nəfər olmuşdur.
Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tаrix, mədəniyyət, mеmarlıq, bədii və еtnoqrafiya qoruqlarının sayı 28-ə çatmışdır.
İdman. 2014-cü ildə müxtəlif beynəlxalq yarışlarda qazanılmış 805 medalın 75-i qızıl, 255-i gümüş, 275-i isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 278-dir.
İlkin məlumatlara görə, 2015-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10,8 minə çatmışdır və idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, dama, basketbol, sərbəst güləş, cüdo və stolüstü tennis kimi idman növlərinə daha çox maraq göstərilir.
2014-cü il Avropa Oyunlarına hazırlıq üçün həlledici il olmuşdur. Hazırda Bakıda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Stend Atıcılığı Mərkəzi tikilir. Hesabat ilində Milli Gimnastika Arenası istifadəyə verilmişdir. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. 2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının yarışacağı gözlənilir.

 

← Geriyə