Sahibkarlığa dəstək

  • Yaradılıb 18.04.2015 05:06
  • Yenilənib 18.04.2015 05:06
  • Nəşr edilib 18.04.2015 05:06

Texnologiyalar Parkı

 

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Müasir istehsal infrastrukturuna malik yüksək texnologiyalar parkının yaradılması ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılmasına, elmi tədqiqatlar aparılmasına və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasına yönəlmişdir. Texnologiyalar parklarının yaradılması, həmçinin ölkənin qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə əks etdirir. Bu istiqamətdə Azərbaycanda "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, texnologiyalar parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdan ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli 168 nömrəli Fərmanı ilə "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" təsdiq edilmişdir. Texnologiyalar parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
Texnoparkının fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
- texnoparkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir;
- texnoparkın infrastrukturu yaradılır;
- inkubator və texnologiya transferi mərkəzi yaradılır;
- fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir.
İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə Bakı şəhərinin Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Fərmana əsasən, Pirallahı Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC həyata keçirəcəkdir. Pirallahı Yüksək Texnologiyalar Parkının fəaliyyəti üçün Bakı şəhərinın Pirallahı rayonunda 50 hektar torpaq sahəsinin "YT Park" MMC-yə ayrılması nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 481 nömrəli Fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Fərmana əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini də "YT Park" MMC həyata keçirəcəkdir. Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyəti üçün 1,3 hektar torpaq sahəsi ayrılmışdır.

← Geriyə