2011

  • Yaradılıb 24.09.2012 07:02
  • Yenilənib 15.10.2012 06:25
  • Nəşr edilib 24.09.2012 07:02

Ticarət və xidmət sahəsi

 

 

2011-ci ildə ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində ötən illə müqayisədə 10.2 faiz artıq olmaqla 3263.7 milyon manatlıq əlavə dəyər yaradılmışdır. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində yaradılan əlavə dəyərin ÜDM-nin tərkibində xüsusi çəkisi 6.5 faiz, qeyri-neft ÜDM-nin tərkibində isə 13.5 faiz təşkil etmişdir.

 

2011-ci ilin yanvar-dekabr ayları ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 3.8 faizi (479.5 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahələrinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.0 dəfə (faktiki qiymətlərlə) çoxdur.

 

Hesabat dövründə ölkənin ticarət və xidmət şəbəkələrində əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz və ya 3374.2 milyon manat artaraq 21778.2 milyon manat, o cümlədən pərakəndə əmtəə dövriyyəsi üzrə 10.6 faiz və ya 2766.3 milyon manat artaraq 16445.8 milyon manat, pullu xidmətlər üzrə 7.8 faiz və ya 607.9 milyon manat artaraq 5332.4 milyon manat təşkil etmişdir. İstehlak bazarı üzrə real artımın 74.4 faizi pərakəndə ticarət, 5.2 faizi iaşə fəaliyyətinin, 20.4 faizi əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilmişdir. 2011-ci ildə özəl sektorun dinamik inkişafı davam etmiş, özəl müəssisələrdə əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 10.6 faiz artaraq 20.3 milyard manat olmuşdur. Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 99.0 faizi özəl sektorun müəssisələri sayəsində əldə edilmişdir.

 

Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahı, gəlirlərinin artması ilə bağlıdır. Əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olan əsas amildir. 2011-ci ilin yanvar-dekabr aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19.6 faiz artaraq 30633.5 milyon manata çatmış, ölkə əhalisinin adambaşına düşən gəlirləri 3383.8 manat təşkil edərək keçən dövrə nisbətən 18.1 faiz artmışdır.

← Geriyə