2012

  • Yaradılıb 21.09.2012 10:58
  • Yenilənib 07.02.2013 08:03
  • Nəşr edilib 21.09.2012 10:58

2012-ildə ticarət və xidmət sahəsinin inkişafı haqqında


2012-ci ildə ÜDM-in tərkibində ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmət sahəsində 3631.3 milyon manatlıq (6.7 faiz) əlavə dəyər yaradılmışdır. 2011-cu ilin yanvar-dekabr ayları ilə müqayisədə əlavə dəyərin real həcmi 9.6 faiz artmışdır. Qeyri-neft ÜDM-in tərkibində (28474.9 milyon manat) ticarət və nəqliyyat vasitələrinin xidmət sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi 12.8 faiz təşkil etmişdir.
2012-ci ildə ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 3.5 faizi (540.8 milyon manat) ticarət və xidmət sahələrinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73 faiz (müqayisəli qiymətlərlə) çoxdur. Muzdla çalışan işçilərin 19.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir. Hüququi şəxslərin sayı 2012-ci il ərzində 4.4 faiz artaraq, 2013-cü il yanvarın 1-i vəziyyətinə 78966 olmuşdur. "Ticarət: nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Tikinti", "Emal sənayesi" bölmələrində hüquqi şəxslərin Dövlət reqistrindəki xüsusi çəkisi daha yüksək olmuşdur. 2013-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 432 mindən çox olmuşdur. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (39.7%), "Nəqliyyat və anbar təsərrüfatı" (17.3%), "Digər sahələrdə xidmətlərin göstərilməsi" (13.6%) və "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (11.3%) sahələrində qeydiyyatdan keçmişdir.
2012-ci ildə ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.6 faiz və ya 1678.8 milyon manat artaraq 17559.1 milyon manat təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 76.1 faizi hüquqi və fiziki şəxslərə məxsus ticarət müəssisələrinin, 23.9 faizi yarmarka və bazarların fəaliyyəti sayəsində yaranmışdır. Pərakəndə ticarət dövriyyəsinin 99.6 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarlarının fəaliyyəti nəticəsində formalaşmış, bu bölmədə 17493.3 milyon manatlıq və ya 2011-ci il ilə müqayisədə 9.8 faiz çox istehlak malları satılmışdır.
2012-ci ildə pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq mallarının həcmi 2.1 faiz artaraq 9728.0 milyon manata, qeyri-ərzaq mallarının həcmi 20.7 faiz artaraq 7831.1 milyon manata bərabər olmuşdur. 2012-ci ildə istehlakçıların həyat səviyyəsinin yüksəlməsini səciyələndirən keyfiyyət göstəricilərindən biri olan – qeyri-ərzaq mallarının xüsusi çəkisinin artma tendensiyasının müşahidə olunmasına baxmayaraq, pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi şəkisi hələ üstünlük təşkil etməkdə davam edərək 55.4 faiz olmuşdur. İl ərzində qeyri-ərzaq mallarının payı 40.5 faizdən 44.6 faizədək yüksəlmiş və pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 87.2 faizi qeyri-ərzaq mallarının satışı sayəsində yaranmışdır. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 87.8 manatlıq ərzaq, 70.7 manatlıq qeyri-ərzaq malları almışdır.
Ölkə ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq etmişdir. 2012-ci ilin yanvar-dekabr aylarında pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1599.8 min manat təşkil etmiş, elektron ticarət üzrə istehlak mallarının satışının 79.9 faizi hüquqi şəxslərin, 20.1 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərn fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilmişdir. Elektron ticarət dövriyyəsinin 93.3 faizini qeyri-ərzaq mallarının satışı təşkil etmişdir.
2012-ci ilin yanvar-dekabr aylarında əhaliyə 680 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.8 faiz çox iaşə xidmətləri göstərilmişdir. Ozəl sektorda iaşə dövriyyəsinin 47 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür. Özəl sektorun hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.1 faiz artaraq 325.7 milyon manat olmuşdur.
2012-ci ilin yanvar-dekabr aylarında əhaliyə 5828.1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox puluu xidmət göstərilmişdir. Artımın 60.9 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6.3 faiz artaraq 4.4 milyard manata çatmışdır. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 52.9 manatlıq və ya 3.8 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahı, gəlirlərinin artması ilə bağlıdır. Əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin artmasına səbəb olan əsas amildir. 2012-ci ilin yanvar-dekabr aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.8 faiz artaraq 34723.9 milyon manata çatmış, ölkə əhalisinin adambaşına düşən gəlirləri 3784.3 manat təşkil edərək keçən dövrə nisbətən 12.2 faiz artmışdır.

 

← Geriyə