2015

  • Yaradılıb 27.04.2015 06:04
  • Yenilənib 29.02.2016 10:39
  • Nəşr edilib 27.04.2015 06:04

Ticarət və xidmət sahəsi

 

2015-ci ildə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 5.437,7 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 10,0 faiz təşkil etmişdir. 2014-cü illə müqayisədə əlavə dəyərin real həcmi 10,9 faiz artmışdır.
Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 1,5 faizi (233,9 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2015-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1.469,5 min nəfər olmuşdur, onların 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.
2014-cü illə müqayisədə 2015-ci ildə ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların real həcmi 10,9 faiz və ya 3.719,4 milyon manat artaraq 25.721,1 milyon manat təşkil etmişdir.
İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 10,8 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 33,6 faizi əmtəə bazarlarında, 0,2 faizi hüquqi şəxs statuslu dövlət müəssisələrdə satılmışdır. Özəl sektor üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin səviyyəsini 10,9 faiz üstələyərək 25.682,7 milyon manata bərabər olmuşdur.
Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 49,9 faizdən 50,0 faizə yüksəlmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 12,8 faiz artaraq 12.849,9 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 50 faiz təşkil edərək 12.871,2 milyon manata bərabər olmuş və 2014-cü ilin müvafiq dövrünü 10,1 faiz üstələmişdir.
2015-ci ildə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 112,5 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 112,4 manatlıq qeyri-ərzaq malları almışdır. 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 15,2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üçün xərclərdə artım 15,0 manata bərabər olmuşdur.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,0 faizi (12 871,2 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi (4.579,9 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 6,7 faizi (4.579,9 milyon manat) avtomobil yanacağının (1.709,7milyon manat), 6,0 faizi elektrik malları və mebelin (1.550,2 milyon manat), 1,2 faizi (300,2 milyon manat) əczaçılıq və tibbi malların, 0,8 faizi (198,0 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5 faizi isə (4.511,9 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Elektron ticarət
2015-ci ildə elektron ticarət şəbəkəsində istehlakçılara 12,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsinin 96,1 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrünün səviyyəsini 1,9 dəfə üstələyərək 12,3 milyon manata bərabər olmuşdur.
İaşə xidməti
2015-ci ildə əhaliyə 1.111,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,0 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 469,0 milyon manata çatmışdır. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 116,6 manatlıq iaşə xidmətlərindən istifadə etmişdir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,1 manat çoxdur.
2015-ci ildə əhaliyə 7.462,8 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox pullu xidmət göstərilmişdir. Artımın 56,9 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,9 faiz artaraq 5.440,6 milyon manata çatmışdır. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 65,3 manatlıq müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahının və gəlirlərinin artması ilə bağlıdır. Belə ki, əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin artmasına səbəb olan əsas amildir.

 

← Geriyə