2016

  • Yaradılıb 11.05.2016 12:42
  • Yenilənib 25.10.2016 08:13
  • Nəşr edilib 11.05.2016 12:42

2016-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət, iaşə və pullu xidmət sahələrinin inkişafı

 

2016-cı ilin yanvar-sentyabr aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 4.892,3 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 11,3 faiz təşkil etmişdir. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyərin real həcmi 2,3 faiz artmışdır.
Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,3 faizi (30,0 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2016-cı il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1.485,6 min nəfər olmuşdur, onların 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 2,3 faiz artaraq 21.085,7 milyon manat təşkil etmişdir.
İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 53,6 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,1 faizi əmtəə bazarlarında, 0,2 faizi hüquqi şəxs statuslu dövlət müəssisələrdə satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 243,4 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 32,2 manat çox əmtəə almışdır.

 

2016-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu

tipx-1-2016

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faizdən 50,2 faizə yüksəlmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 10.582,1 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 49,8 faiz təşkil edərək 10.503,6 milyon manata bərabər olmuş və 2015-ci ilin müvafiq dövrünün səviyyəsini real ifadədə 3,1 faiz üstələmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 121,2 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 122,2 manatlıq isə qeyri-ərzaq malları almışdır. 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 16,5 manat, qida məhsulları, içkilər və tütün məmulatları üçün isə 15,7 manat daha çox vəsait sərf olunmuşdur.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi (10.503,6 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,6 faizi (3.706,0 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 6,6 faizi (1.393,7 milyon manat) elektrik malları və mebelin, 5,7 faizi (1.197,8 milyon manat) avtomobil yanacağının, 1,4 faizi (301,9 milyon manat) əczaçılıq və tibbi malların, 0,8 faizi (172,4 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 18,1 faizi isə (3.810,3 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

tipx-2-2016

Elektron ticarət
2016-cı ilin yanvar-sentyabr aylarında elektron ticarət şəbəkəsində istehlakçılara 11,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsində qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,6 faiz üstələyərək 10,6 milyon manata bərabər olmuşdur.
İaşə xidməti
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə 821,0 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,8 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 341,7 milyon manata çatmışdır.
Pullu xidmətlər
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə 5.410,8 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox pullu xidmət göstərilmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 3.979,8 milyon manat xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 73,6 faizini təşkil edir. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 562,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Ticarət və xidmət sahəsində baş verən artımlar birbaşa əhalinin sosial rifahının və gəlirlərinin artması ilə bağlıdır. Belə ki, əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin artmasına səbəb olan əsas amildir.

 

← Geriyə