2013

  • Yaradılıb 03.05.2013 11:04
  • Yenilənib 05.02.2014 12:20
  • Nəşr edilib 03.05.2013 11:04

Ticarət və xidmət sahəsi


2013-cü ilin yanvar-dekabr aylarında ümumi daxili məhsulun tərkibində ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 4092.0 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 7.1 faiz təşkil etmişdir. 2012-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə əlavə dəyərin real həcmi 9.9 faiz artmışdır. Qeyri-neft ÜDM-də ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi 12.6 faiz təşkil etmişdir.
2013-cü ilin yanvar-dekabr ayları ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 2.6 faizi (456.2 milyon manat) ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2013-cü il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 37.6 min nəfər, qeyri-neft sektorunda isə 1468.3 min nəfər olmuşdur. Muzdla işləyənlərin 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.
2013-cü il ərzində ölkə üzrə müəssisə və təşkilatların sayı 8.9 faiz artaraq, 2014-cü il yanvarın 1-nə 86010-a çatmışdır. 2014-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 454 mindən çox olmuş, bunların 38.8% "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 15.0% "Nəqliyyat və anbar təsərrüfatı", 13.9% "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" və 13.2% "Digər sahələrdə xidmətlərin göstərilməsi" bölmələrində qeydiyyatdan keçmişdir.
2013-cü ilin yanvar-dekabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan mallar 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz və ya 2096.8 milyon manat artaraq 19655.9 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 3.8 faizi hüquqi şəxslərin, 75.1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 21.1 faizi isə əmtəə bazarlarında yaranmışdır. İstehlak mallarının 99.8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11.7 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51.1 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 37.0 faizi əmtəə bazarlarında satılmışdır.
Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2012-ci il ilə müqayisədə 44.6 faizdən 48.3 faizə yüksəlmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 20.2 faiz artaraq 9485.5 milyon manata çatmış, əmtəə dövriyyəsi üzrə real artımın 87.6 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının payı 51.7 faiz təşkil edərək 10170.4 milyon manata bərabər olmuş və 2012-ci ilin səviyyəsini 2.3 faiz üstələmişdir.
2013-cü ildə pərakəndə ticarət şəbəkəsindən hər istehlakçı mal və xidmətlərin əldə olunmasına orta hesabla ayda 176.2 manat və ya 2012-ci il ilə müqyisədə 16.7 manat çox pul xərcləmişdir.
2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alışına 13.9 manat, ərzaq mallarının alınmasına isə 2.8 manat çox vəsait xərcləmişdir.
Ötən il istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51.7 faizi qida məhsulları və içkilərin, 1.7 faizi tütün məmulatlarının, 19.3 faizi toxuculuq mallarının, geyim və ayaqqabıların, 4.4 faizi elektrik malları və mebelin, 1.2 faizi kompyuter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1.2 faizi əczaçılıq və tibbi malların, 6.4 faizi benzin və digər neft məhsullarının, 14.1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2013-cü ildə pərakəndə elektron ticarət dövriyyəsinin real həcmi 1.6 dəfə artaraq 2586.0 min manat olmuşdur. Elektron ticarət üzrə istehlak mallarının satışının 82.6 faizi hüquqi şəxslər, 17.4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.
2013-cü ildə elektron ticarət dövriyyəsinin 89.7 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı 2012-ci il ilə müqayisədə 1.5 dəfə artaraq 2319.0 min manata bərabər olmuşdur. Elektron ticarət əsasında istehlakçılara 267.0 min manatlıq və ya 2012-ci il ilə müqayisədə 2.4 dəfə çox ərzaq malları satılmışdır.
Ötən il istehlakçılara 34.2 faizini dizel yanacağı, 20.6 faizini avtomobil benzini, 10.1 faizini aviasiya üçün ağ neft, 4.6 faizini neft bitumu, 3.9 faizini maye qaz, 3.8 faizini mazut yanacağı, 0.8 faizini sürtkü yağları, 22.0 faizni isə digər məhsullar təşkil etməklə 6.8 milyon ton və ya ötən illə müqayisədə 3.9 faiz çox neft məhsulları (ixrac da daxil olmaqla) göndərilmişdir.
2013-cü ildə neft məhsullarının 77.5 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilmiş, 22.5 faizi isə ixrac olunmuşdur. Ölkə istehlakçılarına 5.2 milyon ton, yaxud 2012-ci ilə nisbətən 9.1 faiz çox neft emalı məhsulları göndərilmişdir.
2013-cü ilin yanvar-dekabr aylarında əhaliyə 800.1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 16.0 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47.3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52.7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 17.0 faiz artaraq 372.3 milyon manat təşkil etmişdir.
2013-cü ildə əhaliyə 6527.3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.2 faiz çox pullu xidmət göstərilmişdir. Artımın 64.1 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7.0 faiz artaraq 4879.8 milyon manata çatmışdır. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 58.5 manatlıq və ya 4.9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahının və gəlirlərinin artması ilə bağlıdır. Əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin artmasına səbəb olan əsas amildir.
2013-ci ilin yanvar-dekabr aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.0 faiz artaraq 37555.5 milyon manata çatmış, ölkə əhalisinin adambaşına düşən gəlirləri 4039.6 manat təşkil edərək keçən dövrə nisbətən 6.6 faiz artmışdır.

 

← Geriyə