Xəbərlər

  • Yaradılıb 08.05.2018 14:53
  • Yenilənib 09.05.2018 13:26
  • Nəşr edilib 08.05.2018 14:50

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

 

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.  

İlk öncə İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, Ulu Öndərin 95-ci ildönümünə həsr olunmuş foto-sərgi ilə tanış olub.

Sonra dahi siyasət korifeyi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirildi. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı, sahibkarlığın formalaşdırılması, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Artıq dünyada layiqli yerini tutan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmiz davamlı inkişaf edir, siyasi sabitliyi, dayanıqlı iqtisadi inkişafı ilə seçilir.

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşları Heydər Əliyevin Azərbaycan üçün misilsiz xidmətləri, həmçinin Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti barədə məruzələrlə çıxış ediblər.

Sonda İqtisadiyyat Nazirliyinin Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub. Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyinin fəal əməkdaşlarına YAP-nın Səbail rayon təşkilatının Fəxri Fərmanı təqdim edilib.

← Geriyə