Cooperation with economic organizations

  • Created 03.03.2014 12:47
  • Updated 14.12.2017 12:37
  • Published 03.03.2014 12:47

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)

 

Ümumi məlumat. Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə "Vaşinqton müqaviləsi"nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis edilmişdir. Təşkilat "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır. Qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir.
Məqsədi. BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi vasitələrlə bütün üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etmək, bütün üzv dövlətlər üçün təhlükəsizliyin bölünməzliyini möhkəmləndirmək məqsədilə birgə tədbirlər və hərtərəfli əməkdaşlığı həyata keçirmək, ümumi dəyərlər, demokratiya, insan hüquqları və hüquqi dövlət prinsipləri əsasında Avropada ədalətli və əbədi sülhü təmin etmək.
Azərbaycanla əməkdaşlığın tarixi. Azərbaycan ilə NATO təşkilatı arasında əməkdaşlığın tarixi 1992-ci ilin mart ayından başlanır. Həmin tarixdə Azərbaycan 37 ölkə ilə yanaşı Şimali Atlantika Əməkdaşlığı Şurasına daxil olmuşdur. 1994-cü ilin yanvar ayında Sülh naminə Tərəfdaşlıq (SNT) təşəbbüsü irəli sürülmüşdür. Avro-Atlantik məkanda sabitliyi və təhlükəsizliyi təmin edən təşəbbüsə ilk qoşulan ölkələrdən biri də Azərbaycan idi. 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti SNT-nin Çərçivə sənədini imzalamışdır. SNT mexanizmi NATO ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və hərbi sistemlərin uyğunlaşdırılması üçün münbit şərait yaratmışdır.
1997-ci il noyabrda Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə Sərəncam imzalamışdır.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı. Hazırda NATO ilə Azərbaycan arasında əməkdaşlığın hüquqi çərçivəsi NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (FTƏP) ibarətdir. Sənəd 4 hissədən ibarət olmaqla Azərbaycanın siyasi, təhlükəsizlik, iqtisadi, müdafiə, ictimai, ətraf mühit, hüquqi və inzibati sahələrində mövcud olan vəziyyət və görülmüş işlər barədə ətraflı məlumatı əhatə edir. Sənədin birinci hissəsi 2005-2007-ci illəri, ikinci hissəsi 2008-2010-cu illəri, 3-cü hissəsi 2012-2013-cü illəri əhatə etmişdir.

 

 

← Back