2016

  • Created 13.05.2016 10:02
  • Updated 25.10.2016 14:19
  • Published 13.05.2016 10:02

Sosial sahələrin inkişafı

 

Əhalinin gəlirləri. 2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 32762,5 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3403,6 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artmışdır.
Bu dövr ərzində gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,6 (yanvar-mart aylarında - 7,0 faiz ) faizi isə yığıma yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirlər əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 29735,4 milyon manat olmuşdur.

Əmək haqqı. 2016-cı ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 488,7 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 2644,1 manat, qeyri-neft sektorunda 437,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 369,5 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 659,0 manat olmuşdur.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Əhalinin əmanətləri və manatın məzənnəsi. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2016-cı il sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 7931,9 milyon manat təşkil etmişdir. Əmanətlərin 81,6 faizini xarici, 18,4 faizini isə milli valyutada qoyulmuşdur. Əmanətlərin 76,3 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilmişdir.

Demoqrafik vəziyyət. İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə olan sıxlığı 113 nəfər olmuşdur.
Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil etmişdir. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olmuşdur.

Məşğulluq və işsizlik. 2016-cı il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4978,3 min nəfər olmuş, onlardan 4731,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1520,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1485,6 min nəfər çalışmışdır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi tikintidə, 6,9 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 22,0 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar. 2016-cı ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,6 saat təşkil etmişdir.
2016-cı il oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,8 min nəfər olmuş, onların 37,9 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 247,3 manat olmuşdur.

 

← Back