http://economy.gov.az/faq?page=2

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin rəsmi saytı

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

Sual-cavab

Seymur - 28.02.2013

Sual: Bilmək istərdim dövlət qulluqçuları üçün növbəti musahibə nə vaxt keçiriləcək.

Cavab: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1 -ci maddəsinə əsasən dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Qanunun 28.2 -ci maddəsinə müvafiq olaraq, inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya mütəmadi olaraq müsahibə və müsabiqələr elan edir. Siz qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərinizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməklə müsabiqədə iştirak edə bilərsiniz. Əlavə məlumat üçün komissiyanın rəsmi internet saytını (www.dqmk.gov.az) izləyə və aşağıda göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz. tel: (+99412) 465 87 93; (+99412) 465 87 97.

Aynur - 14.01.2013

Sual: İnflyasiya ilə istehlak indeksi və ÜDM deflyatoru necə fərqlənir?

Cavab: İstehlak qiymətləri indeksi (İQİ): əsas inflyasiya göstəricilərindən hesab olunur. İstehlak olunan əmtəə və xidmətlər məcmusunun qiymət dəyişməsini ifadə edir. ÜDM deflyatoru: əsas inflyasiya göstəricilərindəndir. Ölkə daxilində istehsal olunmuş son məhsul və xidmətlərin qiymət səviyyəsinin dəyişməsini xarakterizə edir, nominal və real ÜDM-in nisbəti kimi hesablanır. Bu iki göstərici arasında əsas fərqlər: İQİ yalnız istehlak səbətinə daxil olan malları əhatə edirsə, ÜDM deflyatoru ÜDM-in tərkibində olan bütün malları əhatə edir. ÜDM deflyatorundan fərqli olaraq, İQİ-yə idxal olunan əmtəə və xidmətlər də aid olunur. İQİ-nin hesablanması zamanı əmtəə və xidmətlərin səbətdəki xüsusi çəkiləri baza ilində müəyyən edilmiş çəkilərdir, ÜDM deflyatoru üçün isə əmtəə və xidmətlərin xüsusi çəkiləri cari ildə müəyyən olunur.

Farid - 28.12.2012

Sual: Salam! Mənə Azərbaycanda innovasiya siyasəti ilə bağlı informasiya lazımdır, və ya bu sahədə dövlət proqramları o cümlədən qanun və layihələri oxumaq istəyirdim Əvvəlcədən təşəkkurlər Hörmətlə, Farid Kerimov

Cavab: İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir dövrdə hər hansı bir ölkədə dayanıqlı sosial-iq­tisadi inkişafın təmin edilməsinin əsasında elmin inkişafı, rəqabətə davamlı innovasiya məhsulunun istehsalı və ixracı dayanır. İnnovasiyalar həm texnika və texnologiyaya, həm də istehsalın və idarəetmənin təşkili formalarına aid edilə bilər. Dövlətin innovasiya siyasətinin əsas məqsədi, istehsal və xidmət sferasında fəaliyyət göstərən bazar strukturlarını prinsipcə yeni məhsul və texnologiyaların mənimsənilməsinə stimullaşdırmaqla, ölkədə istehsal olunan məhsulların (mal, iş və xidmətlərin) rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı iqtisadi artımın təmin edilməsidir. Dövlətin innovasiya siyasətinin əsasını qanunvericilik bazasının, innovasiya fəaliyyətinin, o cümlədən innovativ fəaliyyət nəticəsində yaradılmış yeni dəyərlərin təcrübədə (istehsalatda) tətbiqinin stimullaşdırılması üçün təşviq mexanizmlərinin formalaşdırılması və bu sahədə kompleks tədbirlərin işlənib hazırlanması təşkil edir. Beynəlxalq təcrübə göstərir ki, innovasiya fəaliyyəti sahəsində dövlət siyasətinin sistemli şəkildə həyata keçirilə bilməsi üçün qanunvericilik bazasının yaradılması zəruri şərt kimi çıxış edir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanında "İnnovasiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilmişdir. Qeyd olunan tapşırığın icrası ilə bağlı bir sıra xarici ölkələrin (Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğızıstan və s.) təcrübəsi öyrənilmiş, ölkədə həyata keçirilən iqtisadi siyasətin xüsusiyyətləri və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla dövlətin innovasiya siyasətinin əsas prinsip və məqsədlərinin, innovasiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətlərinin, elmtutumlu və rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılmasının iqtisadi və hüquqi əsaslarının müəyyən edilməsi, innovasiya fəaliyyətinin subyektləri və iştirakçıları arasında münasibətlərin tənzimlənməsi məqsədini daşıyan "İnnovasiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış, müvafiq dövlət orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Qanun layihəsində innovasiya fəaliyyəti sahəsində əsas anlayışlar, qanunun tətbiq dairəsi, innovasiya fəaliyyətinin obyektləri müəyyən olunmuş, dövlətin innovasiya siyasətinin əsas prinsip və məqsədləri, innovasiya fəaliyyətinin inkişafı üzrə dövlət tənzimlənməsinin və dövlət dəstəyinin əsas istiqamətləri, eləcə də, innovasiya fəaliyyətinin prioritet istiqamətlərinə uyğun olan innovasiya proqramlarının qəbul edilməsi, innovasiya fəaliyyətinin formaları, innovasiya fəaliyyətinin subyektləri, onların hüquq və vəzifələri, subyektlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Qanun layihəsində həmçinin, innovasiya fəaliyyətinin maliyyələşdirilməsi, innovasiya fəaliyyətinin nəticələrinin ekspertizası, innovasiya fəaliyyəti subyektlərinin əqli mülkiyyət hüquqlarının qorunması, innovasiya layihələrinin sığortalanması kimi məsələlər də nəzərdə tutulmuşdur. Müvafiq qanun qəbul edildikdən sonra innovasiya siyasətinin kompleks şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və müvafiq institusional sistemin formalaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

Arif - 08.12.2012

Sual: Salam, Mən ali təhsilliyəm İqtisadi İnkişaf Nazirliyində hər hansı bir işlə təmin oluna bilərəmmi?

Cavab: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Əlavə məlumat üçün Komissiyanın rəsmi internet saytını (www.dqmk.gov.az) izləyə və aşağıda göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz: tel: (+99412) 465 87 93; (+99412) 465 87 97.