İqtisadiyyat Nazirliyi

Məqalələr

Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
2009-cu il 03 Mart tarixli F-27 nömrəli əmri ilə təsdiq edilmişdir.




Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
əməkdaşlarının etik davranış qaydaları
 


I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları (bundan sonra – Qaydalar) İqtisadi İnkişaf Nazirliyinin Aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda (bundan sonra - Nazirlik) çalışan əməkdaşların (bundan sonra – əməkdaş) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu Qaydalar Nazirlikdə çalışan bütün əməkdaşlara şamil edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına, həmçinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə, o cümlədən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na müvafiq olaraq hazırlanmışdır.

1.4. Əməkdaş öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.


II. Etik davranış qaydaları
2.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət – əməkdaş fəaliyyətini həyata keçirdikdə insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasını (qorunmasını və müdafiəsini) rəhbər tutmalıdır.

Əməkdaş insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkdaş xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər əməkdaşların şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

Əməkdaş, həmçinin hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

2.2. Qanunçuluq – əməkdaş vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə digər normativ hüquqi və normativ xarakterli aktların, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməlidir.

2.3. Vicdanlı davranış – əməkdaş insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Əməkdaş bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.4. Loyallıq – əməkdaş onun xidməti vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda əməkdaşın elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

Əməkdaş hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, dövlət qulluqçusunun andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir.

Əməkdaş açıq çıxışlarla bağlı Nazirlik tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.

Əməkdaş qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə əməl etməlidir.

2.5. Mədəni davranış – əməkdaş ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.

Əməkdaş peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

Əməkdaş səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Əməkdaş xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.

2.6. Qərəzsizlik – əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Əməkdaş xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

Əməkdaş özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Əməkdaş öz qulluq vəzifələrindən kənar, o cümlədən başqa əməkdaşların səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməməli, onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, maraq göstərməməlidir.

2.7. İctimai etimad – əməkdaş Azərbaycan Respublikasının, Nazirliyin və bu Nazirlikdə qulluğun nüfuzunu möhkəmləndirməyə, əməkdaş adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

Əməkdaş etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

Əməkdaş Nazirliyin və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması – əməkdaş öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

Əməkdaş etik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyə hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

III. Əməkdaşların korrupsiyaya qarşı davranışı
3.1. Əməkdaş tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.

Əməkdaş onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən əməkdaş buna görə hər hansı haqq tələb edə bilməz.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən əməkdaş həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

3.2. Əməkdaş qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi quruma akt üzrə təhvil verilməlidir.

Tərəflərdən biri Nazirlik olan əqdlərdə əməkdaş digər tərəf ola bilməz.

3.3. Əməkdaş qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Əməkdaş dövlət qulluğuna qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

IV. Əməkdaşların xidməti davranışı

4.1. Əməkdaşın xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

Əməkdaş icra və əmək intizamına əməl etməli, iş vaxtını qulluqdan kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

4.2. Əməkdaş birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

Əməkdaş birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, əməkdaş onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3. Əməkdaş subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir.

4.4. Əməkdaş qulluq vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.

4.5. Əməkdaş istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

Əməkdaşa dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

4.6. Əməkdaş xidməti vəsiqəsinin saxlanılmasında məsuliyyətli olmalıdır.

4.7. Əməkdaş xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

Əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

4.8. Əməkdaş dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.

4.9. Əməkdaş xidməti fəaliyyəti zamanı dövlət nəzarətini həyata keçirərkən bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o cümlədən aşağıdakılara əməl etməlidir:

- sahibkarlar və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmamalıdır;

- sahibkarların şərəf və ləyaqətini alçalda biləcək hərəkətlərə yol verməməlidir;

- vəzifələrini yerinə yetirərkən qanunu və ədalətliliyi rəhbər tutmalıdır;

- dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları yaymamalıdır;

- özünün vəzifə borclarını yerinə yetirməsi ilə yüksək nümunə göstərməli və sahibkarların rəğbətini qazanmalıdır.


V. Hədiyyələr və digər imtiyazlar
5.1. Əgər əməkdaşa təqdim olunan hədiyyələr birbaşa və ya dolayısı ilə onun xidməti vəzifəsinə təsir göstərmək üçün nəzərdə tutulmuşdursa, o bu hədiyyələri qəbul etməməlidir.

5.2. Heç bir əməkdaşdan şəxsi istifadəsi məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istənilə bilməz.

5.3. Q onaqpərvərliklə və “ Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikasının Q anun un a uyğun olaraq, dəyərinin ümumi məbləği 1 il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hallar istisna olmaqla, heç bir əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəsurat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təəsuratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

5.4. Tutduğu mövqeyi nəzərə alaraq əməkdaş ona təklif oluna biləcək rüşvətlər və ya göstərilə biləcək təzyiqlərə qarşı ayıq-sayıq olmalıdır.

5.5. Əməkdaş xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli hədiyyə, hər hansı imtiyaz, yaxud üstünlüklər təklif olunarsa, əməkdaş bu barədə birbaşa rəhbəri vasitəsilə dərhal Daxili nəzarət şöbəsinə məlumat verməlidir.

5.6. Rəhbərlik tərəfindən səlahiyyətləndirildiyi hallardan başqa, digər hallarda əməkdaşlara Nazirliyə məxsus olan avadanlıqlardan istifadə olunması qadağandır.

5.7. Nazirliyin vəzifəli şəxslərinə xidməti fəaliyyəti ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmayan hər hansı imtiyazların və güzəştlərin əldə edilməsi qadağan olunur.

VI. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi
6.1. Əməkdaşlar qeyri-qanuni məlumat əldə olunmasının qarşısını almaq məqsədilə istifadəsində olan, Nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə həmin əməkdaş tərəfindən vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar.

6.2. Əməkdaşlar istər elektron versiyada, istərsə də digər formada saxlanılma formasından asılı olmayaraq kommersiya və dövlət sirrini qorumalıdırlar.

6.3. Əməkdaşlar onlara məxsus şifrənin məxfiliyini qorumalı, şifrəni digər şəxslərə verməməli və digər əməkdaşların şifrəsindən istifadə etməməlidirlər.

6.4. Nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatlardan xidməti istifadə ilə bağlı verilmiş şifrələrin məxfiliyi bu və ya digər səbəblərdən pozulduqda əməkdaş bu barədə şöbə (sektor) müdirinə yazılı məlumat verməli və həmin şifrədən istifadə kodu bağlanmalıdır.


VII. Digər sahələrdə çalışma
7.1. Nazirliyin əməkdaşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

7.2. Əməkdaş pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün rəhbərliyə bu qaydalara əlavə olunmuş formalı ərizə ilə (1 № li əlavə) müraciət etməlidir.

7.3. P edaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün ərizə hər il yenilənməlidir. Əgər yenilənmək üçün heç bir ərizə təqdim olunmayıbsa, pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq bu qaydaların tələblərinin pozulması kimi qiymətləndirilir.

7.4. P edaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün işə qəbul olunmanın müddəti ərizədə öz əksini tapmalıdır. Ərizədə göstərilmiş müddəti keçən hər hansı bir məşğuliyyətə görə yeni təsdiq olunma lazımdır. Əgər məşğulluğun müddətinin uzadılması məlumdursa, yeni təsdiq olunma ilə bağlı təqdim olunmuş ərizə əvvəlki təsdiq olunmuş müddət başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Əgər müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər məlum deyilsə, yeni ərizə təqdim edilməli və fəaliyyət təqdim olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir.

7.5. P edaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün işləmə müddətinin artırılması barədə xahiş qəbul olunmadıqda, əməkdaş ona bu barədə yazılı münasibət bildirilməsi ilə əlaqədar əvvəlki təsdiq olunmuş müddət başa çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və bu məşğulluğu dayandırmalıdır.

7.6. Əməkdaşlar Nazirlikdəki fəaliyyətlərinə və iş qabiliyyətlərinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidirlər.

VIII. İctimaiyyətlə qarşılıqlı əlaqə
Əməkdaşlar Nazirliyin işi və siyasəti haqqında kütləvi-informasiya vasitələrinə Nazirlik tərəfindən müəyyən edilmiş qaydada məlumat verə bilərlər.


IX. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə
9.1. Əməkdaşlar xidməti vəzifələri və yaxud sair məsələlər barəsində təhqiqat və istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək üçün dəvət edildikləri halda bu barədə dərhal öz birbaşa rəhbərlərinə məlumat verməlidirlər. Onlar da öz növbəsində daha yuxarı rəhbərliyi məlumatlandırmalıdırlar.

9.2. Şöbə müdirləri əməkdaşları tərəfindən xidməti fəaliyyətlə və xidməti vəzifəsi ilə bağlı ifadə vermək və ya sənəd təqdim etməyə dair icazə istənildikdə əməkdaşa icazə verməzdən əvvəl özlərindən vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdırlar.


X. Xidməti vəsiqədən və vizit kartından istifadə etmə
10.1. Əməkdaş xidməti vəsiqədən və Nazirlik sistemində fəaliyyətini, vəzifəsini, xidməti telefon nömrələrini və digər xidməti məlumatlarını əks etdirən vizit kartından yalnız rəsmi məqsədlər üçün istifadə edə bilər.

10.2. Əməkdaşın xidməti vəsiqəsindən birbaşa və ya dolayısı ilə hər hansı bir şəxsə təsir göstərmək, özünün və ailə üzvlərinin, habelə başqalarının mənfəət əldə edilməsi üçün istifadə oluna bilməz.

XI. Nazirliyin əməkdaşlarının nalayiq hərəkətləri barədə məlumatın verilməsi
11.1. Əməkdaşlar rəhbərliyə öz həmkarları və ya tabelikdə olan əməkdaşlar barəsində bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar (onların vəziyyətini yaxşılaşdıran və ya pisləşdirən) verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlarından istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidirlər.

11.2. Əməkdaş bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı üzündən digər əməkdaşın vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

XII. Əməkdaşların xidmətdənkənar davranışı
12.1. Əməkdaş şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.

12.2. Əməkdaş icra etmək imkanı olmayacağı təqdirdə öhdəliklər (kredit, borc, pul, kirayə və s.) götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.

12.3. Əməkdaş öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə təsir etməsinə yol verməməlidir.

12.4. Əməkdaş vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda mərkəzi icra hakimiyyəti orqanı əməkdaşı olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir.

12.5. Əməkdaş heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əməkdaş pedaqoji və başqa ödənişli fəaliyyətlə iqtisadi inkişaf nazirinin icazəsi ilə məşğul ola bilər, elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olması barədə iqtisadi inkişaf nazirini əvvəlcədən məlumatlandırmalıdır.

XIII. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
13.1. Əməkdaş tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür.

13.2. Nazirliyin əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl olunmasına ümumi nəzarət Dövlət qulluğu və kadrlar şöbəsi, cari nəzarət isə əməkdaşın çalışdığı strukturun bilavasitə kadr işini aparan qurumu vasitəsilə həyata keçirilir.

13.3. Bilavasitə rəhbərlik edən qurumun rəhbəri:

- tabeliyində olan əməkdaşların xidməti davranışlarının bu qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

- öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;

- tabeliyində olan əməkdaşlar arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;

- tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

- rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

- etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

- tabeliyində olan əməkdaşlara etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;

- etik davranış qaydalarını pozan əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

- etik davranış qaydaları və əməkdaşlar tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;

- etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;

- etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;

- etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

13.4. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs bu qaydalara əməl edilməsi və bu qaydaların tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:

- bu qaydalara əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

- əməkdaşlardan bu qaydaların müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

- daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;

- əməkdaşların etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

- əməkdaşların etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;

- əməkdaşların etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;

- daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

- əməkdaşların etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;

- qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.

13.5. Bu qaydaların tələblərinə əməl etməklə bağlı əməkdaşın üzərinə düşən öhdəliklər:

- Hər bir əməkdaş bu qaydaların bütün müddəaları ilə tanış olmalı, onların konkret halda necə tətbiq olunduğunu bilməlidir;

- Hər bir əməkdaş bu qaydaları aldıqdan sonrakı 10 gün ərzində tanış olmalı və zərurət yarandıqda və ya bu qaydaların hər hansı bir hissəsini başa düşmədikdə özünün şöbə (müstəqil sektor) müdirinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə bununla bağlı yazılı və ya şifahi formada müraciət etməlidir;

- Əməkdaş bu qaydaların orijinal nüsxəsini aldıqdan 10 gün sonra onun alınmasına və bu qaydaların bütün bəndlərini başa düşməsinə dair bu Qaydalara əlavə olunmuş formalı qəbzi (2№li əlavə) imzalayaraq, bu qaydaları aldığı tarixi qeyd etməli və onu özünün şöbə (müstəqil sektor) müdirinə təqdim etməlidir;

- Bu Qaydalara dəyişikliklər edildikdə, hər bir əməkdaş onunla tanış olmalı, onların konkret halda necə tətbiq olunduğunu bilməli, qəbzi yeniləməli və yenilənmiş, bu Qaydalara əlavə olunmuş formalı qəbzi (3№li əlavə) öz şöbə (müstəqil sektor) müdirinə təqdim etməlidir;

- Hər bir şöbə (müstəqil sektor) müdiri tabeliyində olan əməkdaşlardan aldığı qəbzin surətini çıxarmalı və 10 gün ərzində orijinal nüsxələri etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə təhvil verməlidir. Qəbzlərin surəti şöbə (müstəqil sektor) müdirində qalmalı və növbəti yeniləşməyə qədər saxlanılmalıdır. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs orijinal nüsxəni əməkdaşın şəxsi qovluğunda saxlamalıdır.

13.6. Bu Qaydaların müddəalarının əməkdaş tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda Daxili nəzarət şöbəsi tərəfindən xidməti araşdırma və ya yoxlama başlanıla bilər.

Əməkdaş barəsində xidməti yoxlama (intizam icraatı) aparılarkən ona verilən sualları tam, səmimi və obyektiv cavablandırmalıdır.

13.7. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz.

13.8. Xidməti yoxlama (intizam icraatı) zamanı əməkdaş tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, Nazirliyin rəhbər şəxsləri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

13.9. Əməkdaşların etik davranışı ilə bağlı bu Qaydalarla nəzərdə tutulmayan məsələlər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və mövcud münasibətləri tənzimləyən digər qanunvericilik aktları ilə tənzimlənir.


XIV. Bu Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət
14.1. Nazirliyin əməkdaşları bu Qaydaların müddəalarına müvafiq şəkildə hərəkət etməlidirlər. Bu Qaydaların tələblərinin pozulmasına görə vəzifəsindən asılı olmayaraq əməkdaşlara qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi verilir.

14.2. Bu Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbehi verilərkən aşağıdakılar nəzərə alınır:

- müddəanın pozulmasının dərəcəsi;

- müddəanın pozulmasının Nazirliyin işinin effektivliyinə təsir göstərməsi;

- əməkdaşın əmək stajı və ailə vəziyyəti;

- əməkdaş və ya üçüncü tərəfdən təqdim olunmuş izahat;

- araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici hal;

- əməkdaşın birbaşa şöbə (müstəqil sektor) müdirinin verdiyi xasiyyətnamə.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version