İqtisadiyyat Nazirliyi

Məqalələr

Azərbaycan Respublikası iqtisadiyyat və sənaye

nazirinin 2014-cü il "11" mart tarixli,
F - 19 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

 

Biznes inkubatoru haqqında
ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar


1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunan biznes inkubatorlarının fəaliyyətini tənzimləyir.
1.2. Biznes inkubatoru - yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətləri göstərən resurs mərkəzidir.
1.3. Biznes inkubatorunun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiya qərarları, iqtisadiyyat və sənaye nazirinin əmr və sərəncamları və bu Əsasnamə ilə tənzimlənir.
1.4. Biznes inkubatorunun inzibati fəaliyyətinin təşkili və bu sahədə əməli-metodiki rəhbərlik bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq Bakı Biznes Tədris Mərkəzi (bundan sonra - Mərkəz) və "Bakı Biznes Mərkəzi" MMC (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.

 

2. Biznes inkubatorunun fəaliyyət istiqamətləri


2.1. Biznes inkubatorunun fəaliyyətinin əsas istiqamətləri "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə, o cümlədən gənclərə sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş xidməti iş otaqlarının və işçi yerlərinin müvəqqəti ayrılması və onlara aşağıdakı konsaltinq və təşkilati xidmətlərin göstərilməsidir:
2.1.1. sistemli və davamlı maarifləndirmə tədbirləri;
2.1.2. təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyata (uçota) alınmaq üçün köməklik göstərilməsi;
2.1.3. vergi, mühasibat uçotu, maliyyə-kredit, hüquq və sahibkarlıq fəaliyyəti ilə bağlı digər sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin, mühasibatlıq işlərinin təşkilinə dəstək;
2.1.4. investisiya layihələrinin və biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
2.1.5. biznes layihələrinin maliyyə, iqtisadi və texniki ekspertizasının aparılması üzrə dəstək;
2.1.6. marketinq araşdırmalarının aparılması üzrə dəstək;
2.1.7. reklam, mətbəə-çap və nəşriyyat işlərinin təşkilinə dəstək;
2.1.8. məhsulların (işlərin, xidmətlərin) təşviqi, habelə sərgilərdə və bu kimi digər tədbirlərdə iştirakla bağlı köməkliyin göstərilməsi;
2.1.9. maliyyə resurslarına (banklar, kredit təşkilatları, investisiya fondları, vençur kapitalı və s.) çıxış imkanlarının genişləndirilməsinə köməkliyin göstərilməsi;
2.1.10. potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
2.1.11. inzibati və hüquqi problemlərin həllində köməklik göstərilməsi;
2.1.12. sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının, təhsil səviyyələrinin artırılmasında yardımçı olmaq, treninq, peşə hazırlığı xidmətlərinin təşkili;
2.1.13. malların (işlərin və xidmətlərin) realizəsi məqsədilə sifarişçilərin tapılmasında müvafiq köməkliyin göstərilməsi;
2.1.14. yeni texnologiyalar, habelə onların tətbiqi və istifadəsi ilə bağlı informasiya təminatının həyata keçirilməsi;
2.1.15. elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması;
2.1.16. sahibkarlıq subyektlərinin inkişaf potensialının və fəaliyyət prioritetlərinin genişləndirilməsinə köməklik göstərilməsi;

 

3. Mərkəzin və Cəmiyyətin funksiyaları


3.1. Biznes inkubatorunun fəaliyyətinin təşkili ilə bağlı Mərkəz aşağıdakı funksiyaları həyata keçirir:
3.1.1. bu Əsasnamənin 2.1-ci bəndinə uyğun olaraq, biznes inkubatorunun fəaliyyət istiqamətləri üzrə xidmətlərin və metodiki köməkliyin göstərilməsini təşkil və təmin edir;
3.1.2. biznes inkubatorunun fəaliyyətinin təşkili və inkişafı ilə bağlı tədbirlər görür, bu məqsədlə təkliflər, habelə biznes inkubatorunun fəaliyyəti barədə hesabatlar hazırlayır;
3.1.3. biznes inkubatorunun fəaliyyətindən istifadə edənlərin qeydiyyatını (reyestrini) aparır;
3.1.4. biznes inkubatorunun fəaliyyətini təşviq edir, onun iştirakçısı olmaq istəyən gənclər və sahibkarlıq subyektləri üçün müsabiqənin təşkili ilə bağlı tədbirlər görür;
3.1.5. biznes inkubatorunun fəaliyyətinin iştirakçılarının fəaliyyətinin monitorinqini həyata keçirir;
3.1.6. elmi texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair təkliflər verir;
3.1.7. bu sahədə biznes inkubatorunda dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, biznes inkubatorunun fəaliyyəti barədə müxtəlif çap məhsulları, kitab və jurnallar, bukletlər hazırlayır və yayır.
3.2. Biznes inkubatorunun fəaliyyətinin təşkili ilə bağlı Cəmiyyət aşağıdakı funksiyaları həyata keçirir:
3.2.1. biznes inkubatorunun fəaliyyətinin iştirakçıları ilə müqavilələr bağlayır;
3.2.2. biznes inkubatorunun fəaliyyətinin iştirakçıları üçün işçi yerlərinin ayrılmasını təmin edir;
3.2.3. işçi yerlərinin kommunikasiya avadanlıqları, internet şəbəkə bağlantısı, elektron poçt, surətçıxarma avadanlığı, telefon və digər zəruri ofis avadanlıqları ilə təmin olunmasına dair tədbirlər görür;
3.2.4. istilik və elektrik enerjisindən, su, qaz və digər komunal xidmətlərdən istifadə olunmasına şərait yaradır;
3.2.5. işçi yerlərinin mühafizəsi ilə bağlı tədbirlər görür;
3.2.6. biznes inkubatorunun fəaliyyətinin iştirakçıları ilə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görür.

 

4. Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları


4.1. Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları müsabiqə əsasında seçilir.
4.2. Biznes inkubatorunda iştirakçıların fəaliyyəti Cəmiyyətlə biznes inkubatorunun fəaliyyətinin iştirakçısı (sahibkarlıq subyekti) arasında bağlanmış xidmət müqaviləsinə əsasən həyata keçirilir.

 

5. Biznes inkubatorunun fəaliyyətinə nəzarət


5.1. Biznes inkubatorunun fəaliyyətinə nəzarət Cəmiyyət və Mərkəz tərəfindən onların fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti üzrə həyata keçirilir.
5.2. Mərkəz biznes inkubatorunun fəaliyyəti barədə yarımillik hesabatları hesabat dövründən sonrakı ayın 10-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir.

 

6. Yekun müddəalar


Biznes inkubatorunun fəaliyyətinin təşkil olunması və yaxud ləğv edilməsi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri tərəfindən həyata keçirilir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version