Xarici mətbuatdan

  • Yenilənib 04.12.2013 14:04
  • Yaradılıb 04.12.2013 14:04

Mərakeşin "Əl-İslah və ət-Tənmiyə" qəzetində "Azərbaycan son 10 ildə" sərlövhəli məqalə dərc edilmişdir

 

Mərakeşin geniş oxucu kütləsinə malik ərəbdilli "Əl-İslah və ət-Tənmiyə" qəzetinin 20 sentyabr tarixli nömrəsində "Azərbaycan son 10 ildə" sərlövhəli geniş məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe, son 10 il ərzində keçdiyi böyük inkişaf yolu barədə ətraflı məlumat verilmişdir. Dünyanın bir çox dövlətlərini bürümüş maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsir etmədiyi vurğulanmışdır.
Müəllif Azərbaycanda siyasi, ictimai və sosial həyatın müxtəlif sahələrində böyük nailiyyətlərin, sabitliyin, azad və demokratik siyasi mühitin son 10 ildə həyata keçirilmiş mühüm islahatlar nəticəsində əldə edildiyini diqqətə çatdırmışdır.
Məqalədə qeyd edilir ki, son on ildə həyata keçirilən siyasi-iqtisadi islahatlar, səmərəli və düzgün dövlət idarəçiliyi nəticəsində Azərbaycan başqa ölkələrə nümunə olan dinamik inkişaf yolu keçmiş, iqtisadiyyat 3 dəfədən çox, dövlət büdcəsi 20 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enmiş, 1 milyondan artıq yeni iş yeri açılmış, xarici valyuta ehtiyatı 48 milyard dollardan artıq olmuşdur.
Vurğulanmışdır ki, Azərbaycanda beynəlxalq aləmə nümunə olan iqtisadi inkişaf nəticəsində 2013-cü ilin birinci yarısında ümumi daxili məhsul 5 faiz artmışdır.
Azərbaycanın dünyada qədim neft ölkəsi kimi tanındığını yazan müəllif enerji sektorunun ölkə iqtisadiyyatında başlıca sahə olduğunu, Avropanın enerji təhlükəsizliyinin təminində respublikamızın mühüm rol oynadığını xüsusi qeyd etmiş, həyata keçirilən səmərəli iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun 11 faiz artdığı vurğulanmışdır.
Yazıda neft gəlirlərindən səmərəli istifadə olunduğu, bu gəlirlərə şəffaf nəzarətin təmin edildiyi diqqətə çatdırılmışdır. Həmin gəlirlərin ölkədə infrastruktur sahələrinə, regionların tərəqqisinə, orta və iri sahibkarlığın inkişafına, yoxsulluğun səviyyəsinin azaldılmasına, yeni təhsil və səhiyyə ocaqlarının, idman komplekslərinin tikintisinə, müxtəlif sosial problemlərin həllinə yönəldildiyi bildirilmişdir.
Müəllif qeyd etmişdir ki, Cənubi Qafqazda lider dövlət olan Azərbaycanda həyata keçirilmiş beynəlxalq əhəmiyyətli bir çox nəhəng iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti mühüm regional əhəmiyyət daşıyır.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də bəhs edilmişdir. Bildirilmişdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. Rəsmi Yerevan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qərarlarına məhəl qoymur.
Yazıda Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərdən də bəhs edilmişdir.
Müəllif, həmçinin yazır ki, Azərbaycan ilə Mərakeş arasında yüksək siyasi əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində sabit və davamlı qarşılıqlı dəstək mövcuddur.
Yazıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mərakeşin mərhum Kralı II Həsən ilə görüşündən də bəhs edilmişdir. Bildirilmişdir ki, qardaş ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəsi məhz həmin görüşün nəticəsidir. Müəllif ümummilli lider Heydər Əliyevin və Kral II Həsənin əsasını qoyduğu ənənələrin bu gün Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Ötən ilin yayında Azərbaycan ilə Mərakeş arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün təntənə ilə qeyd edildiyi bildirilmişdir.
İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəkdən bəhs edən müəllif Azərbaycan-Mərakeş iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən bəhs etmişdir. Həmçinin Mərakeş-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi, həmin iclas çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcək bir sıra sənədlərin imzalanacağı qeyd edilmişdir.

 

"AzərTAc"
20 sentyabr

← Geriyə