2018

  • Yaradılıb 01.05.2018 15:16
  • Yenilənib 24.08.2018 12:23
  • Nəşr edilib 01.05.2018 15:15

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair məlumat

 

Hesabat dövründə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilmişdir.

Görülmüş işlərin nəticəsində ölkədə iqtisadi artımın dayanıqlılığı daha da güclənmiş və 2018-ci ilin yanvar-iyun aylarında ÜDM real ifadədə 1.3% artaraq cari qiymətlərlə 37 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 3777.6 manat təşkil etmişdir.

Qrafik 1. Ötən ilin müvafiq dövrünə nisbətən real artım tempi, %

2018-ci ilin yanvar-iyun aylarında ÜDM-in qeyri-neft sektoru real ifadədə 2.0% artmışdır. Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sənayesi 11.1%, informasiya və rabitə sahəsi 4.9%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 7.4%, ticarət sahəsi 2.4%, kənd təsərrüfatı 7.6%, nəqliyyat və anbar təsərrüfatı 7.1% artmışdır.

Neft-qaz sektoru üzrə 2018-ci ilin yanvar-iyun aylarında 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 0.1%  artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 44.2% olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6331.7 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 54.3%-ni daxili investisiyalar, 45.7%-ni isə xarici investisiyalar təşkil etmişdir.

Neft qiymətlərinin tədricən sabitləşməsi və ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmişdir. İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində milli valyutanın sabitləşməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12.1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 8.2 mlrd. ABŞ dolları, idxal isə 3.9 mlrd. ABŞ dolları olmaqla 4.3 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20.1% artmışdır.

2018-ci ilin 1 iyun tarixinə əhalinin banklardakı əmanətləri 7867.5 milyon manat təşkil etmişdir. 2018-ci ilin 1 iyun tarixinə milli valyutada olan depozitlər illik müqayisədə 12.5% artmışdır.

Qrafik 2. Əhalinin əmanətləri, dövrün sonuna, mln. AZN

Cari ilin birinci yarımilliyi ərzində əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artaraq 21704.7 mln. manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.5% artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkə sakinləri ticarət şəbəkəsindən 8.5 milyard  manatlıq ərzaq məhsulları və 8.6 milyard  manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 1.9% və 3.1% artmışdır.

2018-ci ilin yanvar-iyun aylarında  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2017-ci  ilin eyni dövrü  ilə müqayisədə 4.0% artaraq 541.0 manat təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 8.3%  artaraq 2623.8 manata çatmışdır.

2018-ci ilin iyun ayında cari ilin may ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1.6% azalmış, əhaliyə göstərilən ödənişli xidmətlərin və qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməmişdir. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 0.7% ucuzlaşmışdır.

← Geriyə