Xarici mətbuatdan

  • Yenilənib 12.01.2015 13:51
  • Yaradılıb 12.01.2015 13:51

İtaliyanın ANSA agentliyi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsindən yazır

 

İtaliyanın ANSA xəbər agentliyinin saytında Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin təhlil olunduğu yazı yerləşdirilib.
Yazıda qeyd edilir ki, son illər Azərbaycanda qeyri-neft sektorunda, xüsusilə tikinti, turizm, tekstil, İKT, infrastruktur, kənd təsərrüfatı sənayesi, neft-kimya, maşınqayırma və digər sahələrdə inkişaf müşahidə olunur. Bu sahələrin inkişafı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qarşıya qoyulan əsas hədəfdir.
Müəllif diqqətə çatdırır ki, Azərbaycanda hazırda ən dinamik inkişaf edən sahələrdən biri tikinti sektorudur. Bu ölkədə irimiqyaslı inşaat layihələri reallaşdırılır. "Bakı Ağ Şəhər", "Xəzər Adaları" və digər irimiqyaslı layihələr buna misal ola bilər. Hər iki layihə haqqında ətraflı məlumat verilən məqalədə AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun fikirlərinə də yer verilib: "Bakı tərəqqi yolunda olan meqapolisdir. Bu şəhərə işləməyə, sərmayə yatırmağa, yaşamağa və istirahət etməyə gələn xaricilərin sayı sürətlə artmaqdadır. Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan çoxlu sayda irimiqyaslı layihələr var. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, beynəlxalq hava limanı və Bakı metropoliteni şəbəkəsinin genişlənməsi kimi layihələr var".
AZPROMO-nun rəhbəri ölkəmizdə qeyri-neft sektorunun inkişaf istiqamətlərindən də danışıb. Bildirib ki, ötən il qeyri-neft sektorunda 10 faizədək artım müşahidə olunub. Bu baxımdan turizm sahəsini xüsusi vurğulamaq lazımdır. Ölkəmizə səyahət edənlərin sayı sürətlə artır.
Azərbaycan-İtaliya münasibətlərinə toxunulan yazıda ticari əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılır.


"AzərTAc"
09.01.2015

 


← Geriyə