Xəbərlər

  • Yenilənib 28.11.2014 08:59
  • Yaradılıb 28.11.2014 08:59

Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası

keçirilmişdir

 

Argentina-Azerbaycan-28-11-2014Noyabrın 25-də Buenos-Ayres şəhərində Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilmişdir.
İclasda İşçi Qrupunun həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinə Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, ARDNŞ, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əməkdaşları daxil idi.
İşçi Qrupunun iclası iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev və Argentina tərəfindən həmsədr, beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko arasında görüşlə başlamış və hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə davam etmişdir. İclasda Azərbaycan və Argentina arasında son illər əlaqələrin inkişafında müşahidə edilən müsbət dinamika qeyd edilmiş, iqtisadi, ticarət, sərmayə üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirələr aparılmışdır. Kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, yüksək texnologiyalar, enerji, əczaçılıq sahələri Azərbaycan və Argentina arasında prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunmuş, bu sahələrdə mümkün birgə layihələr nəzərdən keçirilmişdir. İqtisadi əlaqələrin inkişafı üçün iki ölkə arasında müvafiq normativ hüquqi bazanın gücləndirilməsinin vacibliyini bildirən tərəflər, bu istiqamətdə səylərin davam etdiriləcəyini vurğulamışlar.
İşçi Qrupunun iclasında nazir müavini Sahil Babayev Azərbaycanın inkişaf strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və infrastruktur layihələri barədə məlumat vermişdir. İclasda həmçinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılmış, Ermənistanın işğalçı siyasətinin regionun inkişafına başlıca maneə olduğu bildirilmişdir.
İclasda Argentinanın Beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko bu ilin sentyabrında BMT Baş Assambleyasında "Suveren borcla bağlı çoxtərəfli hüquqi çərçivənin qurulmasına dair qətnamə"nin qəbuluna yeganə Cənubi Qafqaz regionu ölkəsi kimi Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür etmiş və bunun Argentina hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
Sonda Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekunlarına dair protokol imzalanmışdır. Protokolda iclas çərçivəsində müzakirə olunmuş məsələlər və gələcək fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Tərəflər həmçinin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun növbəti iclasının Azərbaycanda keçiriləcəyi barədə razılığa gəlmişlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmiş,ölkələrimiz arasında iqtisadi əlaqələr, o cümlədən sənaye sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparmışdır.
Azərbaycan nümayəndə heyəti Argentinanın yüksək texnologiyalar və əczaçılıq sahələrində fəaliyyət göstərən müəssisələrində də olmuşdur.

 

← Geriyə