Xarici mətbuatdan

  • Yaradılıb 20.09.2012 10:42
  • Yenilənib 04.12.2013 13:50
  • Nəşr edilib 20.09.2012 10:42

 

"Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır"


Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. "Bloomberg" agentliyində dərc olunan materialda qeyd olunur ki, 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir. Dünya iqtisadiyyatına böyük təsir imkanına malik olan ABŞ-ın 2,8, Yaponiyanın isə 3 trilyon xarici borcu var.

Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.

Avropa ölkələrində isə dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır.

Materialda o da vurğulanır ki, həqiqətən də milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də işin hamısı deyil, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan ölkələr var, lakin bu ölkələrdə nəinki inkişaf müşahidə edilmir, əksinə bir çox hallarda həmin ölkələrdə yüksək inflyasiya, qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş müharibələri baş verir. Belə hallar isə inkişafa yox, geriləməyə aparır.


← Geriyə