Xarici mətbuatdan

  • Yaradılıb 20.09.2012 10:43
  • Yenilənib 04.12.2013 13:50
  • Nəşr edilib 20.09.2012 10:43

"Azərbaycanda sərmayə imkanları genişlənir"

 

 

Kanadanın nüfuzlu "Diplomat & International Canada" jurnalının 2011-ci il payız buraxılışında Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyevin "Azərbaycanda sərmayə imkanları genişlənir" (Investment opportunities abound in Azerbaijan) başlıqlı məqaləsi dərc olunub.

 

Məqalədə ölkəmizin dünyada neft ixracatçısı kimi tanındığını qeyd edən səfir F.Şəfiyev son illər ərzində Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı üçün bir sıra islahatlar həyata keçirdiyini vurğulayıb. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən səfir 2010-cu ildə həmin sahədə istehsal olunan məhsulların xaricə ixracının həcminin əhəmiyyətli dərəcədə artdığını və ixrac olunan məhsulların keyfiyyətinin Avropa Birliyinin tələblərinə cavab verdiyini bildirib.

 

Yazıda Azərbaycan iqtisadiyyatının inkişafı, son illər ərzində əldə edilmiş uğurlar, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilmiş mükafat və təltiflər haqqında məlumat verilib. Həmçinin məqalədə Azərbaycanın geniş sərmayə imkanlarına malik ölkə olduğu qeyd olunub.

 

Azərbaycan ilə Kanada arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa gəldikdə, bu istiqamətdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilərək son illər ərzində qarşılıqlı ticarət dövriyyəsi həcminin artdığı bildirilir.

 

Xüsusilə məqalədə Azərbaycanın Kanada ilə informasiya və kommunikasiya texnologiyaları, alternativ və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, qida sənayesi, turizm və sair istiqamətlərdə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.

 

Məqalədə kanadalı iş adamlarının Azərbaycanda həyata keçirilən sərmayə layihələrində fəal iştirakına ümid bəslənildiyi də qeyd olunub.

"Diplomat & International Canada" jurnalı

http://issuu.com/diplomatonline.com/docs/fall2011?mode=window&backgroundColor=#222222

(səh 28)

← Geriyə