Xəbərlər

  • Yenilənib 10.03.2016 13:08
  • Yaradılıb 10.03.2016 13:08

Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığı müzakirə

edilmişdir


isvechre-gorush-10-03-2016İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu ilə görüşmüşdür.
Görüşdə Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin yüksək səviyyədə olduğunu, uğurla inkişaf edən əməkdaşlığın genişləndirilməsində intensiv qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulamışdır. Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən Şahin Mustafayev bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi sahənin də əhatə olunduğu müvafiq qanunvericilik bazası formalaşdırılmış, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdirilir, iş adamları arasında əlaqələr genişlənir. Ölkələrimiz, o cümlədən iş adamları arasında əlaqələrin inkişafında bu gün 7-ci iclası keçirilən Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulamış, istehsal, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanları qeyd etmişdir.
Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırmış, İsveçrənin bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətinin beynəlxalq qanunvericiliyə zidd və qəbuledilməz olduğunu vurğulamışdır.
İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizlə enerji, ticarət və investisiya qoyuluşu sahələrində uğurla əməkdaşlıq edildiyini vurğulamışdır. Xanım Leu İsveçrənin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və ölkəsinin öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət etməməyi tövsiyə etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

 

← Geriyə