Xəbərlər

  • Yaradılıb 12.09.2018 17:32
  • Yenilənib 12.09.2018 17:55
  • Nəşr edilib 12.09.2018 17:30

 Azərbaycan-Çexiya iqtisadi əlaqələri müzakirə edilib

                              

Sentyabrın 12-də İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çexiya Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb. Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir Şahin Mustafayev komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini bildirib.

Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir və ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və çex şirkətləri ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli mexanizmdir. Bununla yanaşı, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları da araşdırılacaq.

Azərbaycan və Çexiyanın sənaye, tranzit, İKT, maliyyə, sığorta, turizm sahələrində əməkdaşlıq imkanları genişdir. Belə ki, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində Çexiya şirkətləri iştirak edə, birgə müəssisələr yaradıla bilər. Kimya sahəsində əməkdaşlıq imkanları genişdir və bunun üçün Azərbaycanda ixtisaslaşmış Sumqayıt Kimya Sənaye Parkı, polietilen və propilen istehsal edən zavod fəaliyyət göstərir. Bundan başqa, Çexiya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, əczaçılıq sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

Çexiya Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakova Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, Çexiyanın ölkəmizlə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bu sahədə fikirlərini bölüşən Marta Novakova sənayenin müxtəlif sahələri, tikinti, turizm, logistika, İKT, birgə müəssisələrin yaradılması sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını qeyd edib. Çexiyalı nazir Praqada və Çexiyanın digər şəhərlərində Azərbaycanın Ticarət Evlərinin açılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, bunun ticarət əlaqələrinin genişləndirilməsi və Azərbaycan məhsullarının Çexiyaya ixracının artırılmasında önəmini qeyd edib.

← Geriyə