2018

  • Yaradılıb 01.05.2018 15:26
  • Yenilənib 21.08.2018 11:32
  • Nəşr edilib 01.05.2018 15:25

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasında pərakəndə ticarət, iaşə və pullu xidmət sahələrinin inkişafı

 

2018-ci ilin yanvar-iyun aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3.360,0 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 9,6 faiz təşkil etmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyərin real həcmi 2,4 faiz artmışdır.   

Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,3 faizi (17,5 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmiş, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,6 faiz artım müşahidə olunmuşdur. 2018-ci il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1.511,8 min nəfər olmuşdur. Xidmət sahəsində çalışanların 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 2,5 faiz artaraq 17.145,9  milyon manat təşkil etmişdir.

 İstehlak mallarının 52,6 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 33,6 faizi bazar və yarmarkalarda, 13,8 faizi ticarət müəssisələrində satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 291,7 manatlıq və ya 2017-ci ilin yanvar-iyun aylarının müvafiq göstəricisi ilə müqayisədə 13,9 manat çox əmtəə almışdır.

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 6.646,9 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatları 8.499,0 milyon manata bərabər olmuş və 2017-ci ilin müvafiq dövrünün səviyyəsini real ifadədə 1,9 faiz üstələmişdir.

 2018-ci ilin yanvar-iyun aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 144,6 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq isə qeyri-ərzaq malları almışdır.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,6 faizi (8.499,0 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi (3.095,5 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 5,8 faizi (990,5 milyon manat) elektrik malları və mebelin, 5,7 faizi (972,1 milyon manat) avtomobil yanacağının, 1,3 faizi (224,3 milyon manat) əczaçılıq və tibbi malların, 0,7 faizi (121,1 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 18,9 faizi isə (3.243,4 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

İaşə xidməti

2018-ci ilin yanvar-iyun aylarında  əhaliyə 652,3  milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə iaşə dövriyyəsinin həcmi 262,8 milyon manat olmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artım müşahidə olunmuşdur.

Pullu xidmətlər

 2018-ci ilin yanvar-iyun aylarında əhaliyə 3.906,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz çox pullu xidmət göstərilmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 2.861,9 milyon manat xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 73,3 faizini təşkil edir. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 398,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.

← Geriyə