2018

  • Yaradılıb 15.05.2018 12:48
  • Yenilənib 21.08.2018 17:01
  • Nəşr edilib 15.05.2018 12:40

 2018-ci ilin birinci yarımilliyi üzrə qeyri-neft sektorunun inkişafı barədə

 

2018-ci ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 20637.0 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 52.6%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 55.8% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahələr nəqliyyat və anbar təsərrüfatı, tikinti və ticarət və nəqliyyat vasitələrinin təmiri sahələri olmuşdur.

 

Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü

Qeyri-neft sektorunun əksər sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur.

2017-ci ilin müvafiq dövrünə nisbətən kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 7.6%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.4%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 7.1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 7.4%, informasiya və rabitə sahəsində 4.9%, sosial və digər xidmətlər sahəsində 0.6% artım qeydə alınmışdır.

Qeyri-neft sənayesi. 2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.1% artaraq 1726.6 milyon      manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4.7%, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi        8.4%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 9.9% təşkil etmişdir.

Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 3.1%, emal sənayesinin xüsusi çəkisi 72%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 21.5%, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3.4% təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sənayesində 5165.3 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 8.8% artmışdır.

Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 3% və ya 157.2 milyon manat, emal sənayesinin payı 75.6% və ya 3906.5 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 18.5% və ya 954.0 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 2.9% və ya 147.6 milyon manat təşkil etmişdir (Qrafik 2).

Qrafik 2. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

2018-ci ilin yanvar-iyun ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən içki istehsalında (5.6%), tütün məmulatlarının istehsalında (3.4 dəfə), toxuculuq sənayesində (64.1%), geyim istehsalında (10.3%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında (56.9%), kağız və karton istehsalında (1.4%), poliqrafiya məhsullarının istehsalında (2.7 dəfə), kimya sənayesində (0.4%), tikinti materiallarının istehsalında (34.0%), mettalurgiya sənayesində (15.0%), hazır metal məmulatlarının istehsalında (64.1%), elektrik avadanlıqlarının istehsalında (84.1%), avtomobillərin istehsalında (16,6 dəfə), mebellərin istehsalında (2.0 dəfə) və s. sahələrdə artmışdır.

Azərbaycanda qeyri-neft sənayesi iqtisadi inkişaf strategiyasının əsas hədəflərindəndir. 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkında 17 müəssisə rezident olaraq qeydiyyatdan keçmişdir. Artıq 7 müəssisə fəaliyyətə başlamış və daha 7 müəssisənin yaxın zamanlarda fəaliyyətə başlaması planlaşdırılır.   

Neftçala Sənaye Məhəlləsində 8 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin iştirakı ilə martın 29-da keçirilmiş Azərbaycan-İran biznes forumu çərçivəsində Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu açılmışdır. Zavodda İran İslam Respublikası, həmçinin Almaniya, İtaliya, Belçika kimi aparıcı Avropa ölkələrinin müasir texnologiya, avadanlıq və mexanizmləri əsasında “SKD 0” (qaynaq və rəngləmə işləri istisna olmaqla avtomobillərin bir ölkə ərazisində ayrı-ayrı hissələrdən yığılaraq tam istehsalı) prinsipi ilə müxtəlif modellərdən olan avtomobillər istehsal edilir. Zavodda istehsal edilən avtomobillər AVRO-5 və qəbul edilmiş beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir. Masallı Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılmış, Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinə başlanılmış, Sabirabad Sənaye Məhəlləsinin tikinti işlərinin aparılması məqsədilə qanunvericiliyin tələbinə uyğun seçilmiş layihə təşkilatı tərəfindən layihə-smeta sənədlərinin hazırlanması tamamlanmaq üzrədir.

Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 2018-ci ilin 1-ci yarımili üzrə 44 sahibkarlıq subyektinə 55 investisiya təşviqi sənədi təqdim olunmuşdur. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 109 milyon ABŞ dolları dəyərində 451 təsdiqedici sənəd verilmiş və sahibkarlar tərəfindən 28 milyon ABŞ dolları güzəşt əldə edilmişdir. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala 479.8 milyon manat investisiyanın yatırılması və 3566 yeni iş yeri açılması nəzərdə tutulur.

 2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə- Alpout avtomobil yolu,Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu və s. obyektlər istifadəyə verilmişdir.

Qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmini kimi mühüm  məsələlərin  inkişafını stimullaşdıracaq istiqamətində həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Kənd, meşə və balıqçılıq təsərrüfatları. 2018-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3206,1 milyon manat təşkil etmişdir ki, onun da 1774,8 milyon manatı və ya 55,4 faizi heyvandarlıq, 1431,3 milyon manatı və ya 44,6 faizi isə bitkiçilik məhsullarının payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 14,6 faiz, heyvandarlıq məhsulları üzrə 2,5 faiz artmışdır.

Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində əsas kapitala yönəldilmiş ümumi vəsait əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,7 faiz artaraq 188,4 milyon manata çatmışdır.

Bitkiçilik. Ölkədə yaz tarla işləri başa çatmışdır. Cari il iyun ayının 24-ü vəziyyətinə 450,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Bu dövrdə 42,6 min hektar dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 34,3 min hektar qarğıdalı, 59,3 min hektar kartof, 69,2 min hektar tərəvəz bitkiləri, 20,9 min hektar bostan bitkiləri, 132,5 min hektar pambıq, 8,6 min hektar şəkər çuğunduru, 11,5 min hektar dən üçün günəbaxan, 3,4 min hektar tütün, 61,7 min hektar çoxillik otlar, 1,7 min hektar birillik otlar, 5,1 min hektar sair yazlıq bitkilər əkilmişdir.

Respublikada əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2018-ci il iyul ayının 1-nə kimi sahələrdən 593,3 min ton və ya keçən ilə nisbətən 5,8 faiz çox tərəvəz, 304,3 min ton və ya 6,9 faiz  çox kartof, 103,5 min ton və ya 7,3 faiz çox meyvə və giləmeyvə, 975,1 ton və ya 8,2 dəfə çox tütün yarpağı və 360,7 ton və ya 10,5 faiz çox yaşıl çay yarpağı yığılmışdır. Bundan başqa,  hesabat dövründə 39,9 min ton bostan məhsulları toplanmışdır.

İyulun 1-i vəziyyətinə qarğıdalı daxil olmaqla 1806,2 min ton (keçən il 1393,6 min ton) dənli və dənli paxlalı bitkilər yığılmışdır.

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 istixana fəaliyyət göstərmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olmuşdur.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min ton olmuşdur.

Heyvandarlıq. 2018-ci ilin birinci yarısında ölkə üzrə diri çəkidə 245,2 min ton ət, 1016,8 min ton süd və 887,4 milyon ədəd yumurta və 14,5 min ton yun istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 0,9 faiz artmışdır.

Bundan başqa, ölkədə 514 ton barama istehsal olunmuşdur ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1290,7 min baş inək və camış, 8649 min baş qoyun və keçi mövcud olmuşdur. İribuynuzlu mal- qaranın 48,0 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 39,4 min ton quş əti və 338,9 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 9760,8 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 99 ədəd yumurta alınmışdır.

İqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə aqroparkların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboy rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılmışdır. Bundan başqa, ümumi dəyəri 1 milyard manatdan çox olan 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulmuş, 111 milyon manat dövlətin güzəştli krediti, dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilmişdir.

2018-ci ilin 6 ayı ərzində layihələrin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat (o cümlədən, 560 kiçik həcmli layihəyə 6.4 milyon manat) güzəştli kredit verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə çoxdur.  Bu kreditlər hesabına ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox olmaqla 7 mindən çox yeni iş yerinin açılması imkanı yaranmışdır. Kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhərinin qəsəbələrinin, 68%-i aqrar sektorun, 32%-i müxtəlif sənaye və digər sahələrin payına düşür.

Yerli istehsalın qorunması və ixracın təşviqi üzrə tədbirlər. Yerli istehsalın qorunması, qeyri- neft ixracının artırılması və ixracın diversifikasiyasının təmin edilməsi məqsədi ilə 84 mal mövqeyi üzrə idxala iki il müddətinə spesifik rüsumlar tətbiq edilmişdir.

İdxal gömrük rüsumlarında azpilləli sistemə keçid təmin edilmişdir. 3661 mal mövqeyi üzrə idxal rüsumları azaldılmışdır. 690 mal mövqeyi üzrə idxal rüsumları artırılmışdır. Artımın əsas səbəbi ölkədə istehsalı olan yerli malların xarici təsirlərdən qoruması məqsədilə edilmişdir.

Tikinti. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331.7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14.1 faiz az vəsait yönəldilmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21.5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar

72.8 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4555.2 milyon manatı və ya 72.0 faizi məhsul istehsalı obyektlərinin, 1312.7 milyon manatı (20.7 faizi) xidmət sahələri üzrə obyektlərin, 463.8 milyon manatı (7.3 faizi) isə ümumi sahəsi 946.4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Ümumi sərmayənin 49.8 faizi dövlət, 50.2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72.9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 54.3 faizini təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 55.4%-i və ya 3505.0 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 11.7%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 21.1%-i və ya 739.7 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir (Qrafik 3).

 

Qrafik 3. Əsas kapitala yönləndirilmiş investisiyaların strukturu

2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagird yerlik 3 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində

Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə- Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu və s. obyektlər istifadəyə verilmişdir.

Nəqliyyat. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 110.2 milyon ton yük daşınmış və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1 faiz artım müşahidə olunmuşdur. Yüklərin 3.9 faizi dəniz, 6.1 faizi dəmir yolu, 0.1 faizi hava, 63.9 faizi avtomobil nəqliyyatı, 26.0 faizi isə boru kəməri ilə daşınmışdır.

Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə dəmir yolu ilə daşınan ümumi yükün həcmi cari ilin yanvar-may aylarında ötən ilin analoji dövrünə nisbətən 76 min ton artmışdır. Bu dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərin həcmi keçən ilin analoji dövrünə nisbətən 8 faiz artmış, ümumilikdə isə ölkə ərazisindən daşınan tranzit qeyri-neft məhsulları müvafiq olaraq 9 faiz artaraq 805 min ton olmuşdur.

Turizm. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvar-iyun ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılmış əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.4 faiz artaraq 926.3 milyon manata çatmış və qeyri-neft ÜDM-də xüsusi çəkisi 4.5 faiz təşkil etmişdir.

2018-ci ilin I yarımilliyi ərzində Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox olmuşdur. Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

2018-ci ilin I yarımilliyi ərzində “ASAN VİZA” sistemi vasitəsilə Azərbaycana səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 265899 elektron viza verilmişdir. Elektron viza üçün müraciət etmiş vətəndaşların sayına görə ilk 3 yeri İran, Pakistan və Hindistan tutmuşdur.

İnformasiya və rabitə. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 865.9 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72.2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4.9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80.9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Xidmətlərdən əldə edilən gəlirin 48.5 faizi və ya 419.7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

← Geriyə