İnvestisiyalar

  • Yenilənib 14.09.2020 12:29
  • Yaradılıb 24.09.2012 07:50

Azərbaycan Respublikasının investisiya mühiti haqqında


Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

 

Qanunvericilik
Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

 

Lisenziyalar
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

 

"Bir pəncərə" sistemi

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir.
Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.
Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir.

 

Gömrük rejimi və vergitutma
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir ki, həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilmişdir.
Həmçinin, "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3% baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir.
Eyni zamanda "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.

← Geriyə