Xəbərlər

  • Yaradılıb 25.04.2019 16:21
  • Yenilənib 25.04.2019 16:33
  • Nəşr edilib 25.04.2019 16:00

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Aprelin 25-də bu istiqamətdə növbəti tədbir Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq və istixana təsərrüfatlarının yaradılması, badam bağının salınması, ət kəsimi və corab istehsalı müəssisələrinin yaradılması, startap layihələrinin maliyyələşdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji kursuna uyğun olaraq, özəl sektorun sürətli inkişafına nail ounduğunu, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb.

Dövlət başçısının Sərəncamı ilə təsis olunan və artıq dördüncü ildir ki, qeyd edilən “Sahibkarlar Günü” də sahibkarlığa göstərilən böyük diqqət və qayğının daha bir nümunəsidir. Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığln İnkişafı Fondunun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib.

Hazırda sahibkarlığın güzətli qaydada maliyyələşdirilməsinin davam etdirildiyini vurğulayan nazir müavini bildirib ki, respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək və investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Xəzər rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib.

Ümumilikdə, indiyədək 409 hektar ərazidə 69 müasir istixana kompleksinin yaradılmasına 248,4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz məhsulları istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

← Geriyə