Xəbərlər

  • Yaradılıb 02.05.2019 11:38
  • Yenilənib 02.05.2019 11:58
  • Nəşr edilib 01.05.2019 10:00

Bakı şəhərində yaradılmaqda olan ilk KOB evinin təqdimatı keçirilib

 

Mayın 1-də Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təqdimatı keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, sahibkarlara müxtəlif xidmətlər göstərən dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və KİV təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOB evi konsepsiyası, bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

 Təqdimat mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri, aparılan islahatları, yaradılan yeni dəstək mexanizmləri barədə məlumat verib, KOB evinin yaradılmasının sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.

 KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən islahatlar, Agentliyin fəaliyyəti və sahibkarlara göstərilən dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib, KOB evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsinin daha da genişlənəcəyini vurğulayıb. KOB evlərində sahibkarlara göstərilən xidmətlərin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə göstərilməsi təmin ediləcək. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən – “e-KOB evi” vasitəsilə həyata keçiriləcəkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı KOB evinin sahibkarlara göstərilən xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim olunması, sahibkarların ehtiyaclarının öyrənilməsi baxımından önəmli mexanizmlərdən olacağını vurğulayıb.

Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, KOB evinin yaradılmasının özəl bölmənin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

 Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolunu diqqətə çatdıran Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti  Məmməd  Musayev qeyd edib ki, hazırda Azərbaycanda qeyri-neft sektoru, eləcə də kiçik və orta sahibkarlıq inkişaf dövrünü yaşayır.  Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin böyük əksəriyyəti də məhz kiçik və orta sahibkarlardır.

Sonra KOBİA-nın Aparat rəhbəri Şamil Suleymanlı Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib, KOB evinə dair video çarx nümayiş olunub. 

Həmin gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan çox dövlət qurumunun nümayəndələri təmsil olunur. İclasda ilk KOB evinin yaradılması sahəsində qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

← Geriyə