Xəbərlər

  • Yaradılıb 11.03.2019 12:04
  • Yenilənib 11.03.2019 12:04
  • Nəşr edilib 06.03.2019 17:00

Bakıda “İqtisadi şaxələndirmə - Özəl sektorun rolu” mövzusunda

forum keçirilib

 

Martın 6-da İqtisadiyyat Nazirliyinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “İqtisadi şaxələndirmə - Özəl sektorun rolu” mövzusunda Yüksək Səviyyəli Forum keçirilib.

     Forumun keçirilməsində məqsəd özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və Dünya Bankının ekspertləri ilə qeyri-neft sektorunun şaxələndirilməsi üzrə dayanıqlı nəticələrə nail olunması istiqamətində qlobal təcrübəni bölüşmək və bu sahədə müzakirələr aparmaq idi.

Forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlıq etdiyini, ölkəmizdə bu maliyyə qurumu ilə əlaqələrin inkişafına böyük önəm verildiyini bildirib. Baş nazirin müavini Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, hesabatda Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb. Baş nazirin müavini keçirilən forumun Dünya Bankı ilə ölkəmiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb, tədbirin özəl sektorun inkişafı ilə bağlı müzakirələrin aparılması üçün əlverişli platforma olduğunu qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirilib ki, Dünya Bankının dəstəyi ilə ölkəmizdə iqtisadi islahatların dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı, infrastruktur quruculuğu, yoxsulluğun azaldılması, sosial müdafiə, təhsil və səhiyyə sektorunun inkişafı üzrə 50-dən artıq layihə icra edilib və bu layihələrin əksəriyyəti artıq uğurla yekunlaşıb. Sevinc Həsənova sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinın, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi, vergi yükünün azaldılması, sənaye parkları və məhəllələrinin təşkili və digər görülən işləri vurğulayıb. Nazir müavini ölkənin yeni iqtisadi inkişaf mərhələsində özəl sektorun rolunun artması, investisiya qoyuluşlarının genişləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi, innovasiya infrastrukturunun qurulması kimi sahələrdə beynəlxalq təcrübənin və Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və inkişafın növbəti mərhələsində də Azərbaycanın digər ölkələr üçün örnək ola biləcəyini diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə kiçik və orta biznes (KOB) üçün güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub, onların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə dəyişikliklər edilib. Qeyd edilib ki, ölkənin 12 şəhər və rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb. KOB evinin yaradılması, KOB klasterlərin təşkili, daxili bazar araşdırmaları və KOB-ların kadr potensialının artırılması üçün dəstəyin göstərilməsi, sahibkarlıq sahəsi üzrə onlayn portalın yaradılması, biznes assosiasiyalarının gücləndirilməsi, yeni assosiasiyaların yaradılmasının təşviqi istiqamətində fəal işlər aparılır.

Dünya Bankının aparıcı iqtisadçısı Volfqanq Fenqler qeyri-neft sektorunun inkişafının makro və iqtisadi artım aspektləri, Bankın nümayəndəsi Luis Aldo Sançez “Doing Business” hesabatında Azərbaycanın əldə etdiyi nailiyyətlər, aparılan islahatların istiqamətləri, Mərkəzi Bankın departament rəhbəri Kəmalə Qurbanova Azərbaycanda rəqəmsal ödənişlərin artırılması, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə təqdimatla çıxış ediblər.

Sonra forum işini panel müzakirələrlə davam etdirib. Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Vergilər nazirinin müşaviri Xəqani Abdullayev, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ABŞ-ın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən Vilyam Gil iqtisadiyyatda özəl sektorun rolunun artırılması istiqamətində həyata keçirilən siyasət, bu sahədə mövcud dünya təcrübəsi barədə danışıblar.

Tədbirdə iqtisadiyyatda sahibkarlığın rolunun daha da artırılması ilə bağlı müzakirələr aparılıb.    

← Geriyə