Xəbərlər

  • Yaradılıb 08.05.2019 17:46
  • Yenilənib 08.05.2019 17:46
  • Nəşr edilib 07.05.2019 14:50

Beynəlxalq Maliyyə Korporasiyası ilə müzakirələr aparılıb

 

Mayın 7-də İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə uğurlu əməkdaşlıq etdiyini, BMK tərəfindən kredit verilməsi, texniki yardım göstərilməsi, müştəri risklərinin və təşkilatların likvidliyinin idarə edilməsi və digər alətlər vasitəsilə özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

BMK ilə neft-qaz, qeyri-neft sektorunun inkişafı, turizm, İKT, pərakəndə ticarət, investisiya mühitinin təkmilləşdirilməsi, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq edildiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə BMK və İqtisadiyyat Nazirliyinin birgə icra edilmiş “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsinin özəl sektor üçün əlverişli biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ölkəmizin Doing Business hesabatlarındakı göstəricilərinin yaxşılaşdırılması baxımından verdiyi töhvənin önəmi qeyd edilib. İqtisadiyyat naziri “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”nin icrasına dair imzalanacaq əməkdaşlıq sazişlərinin və anlaşma memorandumlarının ölkəmizdə sahibkarlığın inkişafına əlavə stimul verəcəyini vurğulayıb.

Nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək, əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrindən məmnunluğunu ifadə edib. BMK-nın fəaliyyəti barədə məlumat verən regional direktor təşkilatın Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və ölkəmizlə uğurlu əməkdaşlıq etdyini diqqətə çatdırıb, qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

← Geriyə