Xəbərlər

  • Yaradılıb 03.05.2019 10:38
  • Yenilənib 03.05.2019 10:38
  • Nəşr edilib 02.05.2019 09:00

Beynəlxalq stolüstü tennis turnirinə start verilib

 

Mayın 2-də Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

Turnirin iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. İdmançılar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Turnirin açılış mərasimində Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Azərbaycanda idman siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz bu uğurlu siyasət nəticəsində ölkəmizin möhtəşəm qələbələrə imza atdığını vurğulamışdır. Qeyd edilmişdir ki, idmançılara dövlət qayğısı ilə yanaşı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ən müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə parlaq nailiyyətlərə imza ataraq Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirlər. Azərbaycan ən nüfuzlu idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir.

Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən stolüstü tennisin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və Ulu Öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar keçirilən turnirdə iştirak edən idmançılara uğurlar arzu edib.

Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyadan olan 70-dən çox stolüstü tennisçi medallar uğrunda mübarizə aparırlar.

Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər.

Yarışın ilk günü 2008-ci il və daha azyaşlı idmançılar qüvvələrini sınayıblar. Qızlar arasında ölkəmizi təmsil edən idmançılar - Arzu Aslanova I yer, Mərziyyə Nürmətova II yerə layiq görülüblər. Türkiyədən olan idmançı Alsudə Tuba Şimşək və Azərbaycan təmsilçisi Aylin Əsgərova III yerə sahibləniblər.

Oğlanlar arasında Azərbaycan təmsilçiləri – Hüseyn Eylazov I yer, Adil Əhmədzadə II yeri tutublar. Türkiyənin idmançısı Mustafa Nebhan və Azərbaycan idmançısı Rüstəm Hacılı III yeri qazanıblar.   

Yarışlar mayın 3-də 2004-2007-ci il yaş qrupu idmançılarının oyunları ilə davam edəcək.

← Geriyə