Sahibkarlığa dəstək

  • Yaradılıb 17.04.2015 12:26
  • Yenilənib 07.09.2018 16:00
  • Nəşr edilib 17.04.2015 12:26

Biznes inkubatorlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl sektora xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes inkubatorların, sənaye və texnoloji parkların yaradılması nəzərdə tutulur və artıq bu sahədə əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycanda biznes inkubatorların yaradılması istiqamətində də tədbirlər həyata keçirilməkdədir. Belə ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunmasına dair Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırıqlarını və müxtəlif dövlət proqramlarında biznes inkubatorların yaradılmasına dair müəyyən olunmuş tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılmışdır. Layihə çərçivəsində təşəbbüskar gənclər üçün biznes inkubatorların yaradılması da nəzərdə tutulmuşdur. Biznes inkubatorların yaradılması ilə ölkəmizdə sahibkarlığa göstərilən dövlət dəstəyi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir, innovativ və perspektivli biznes sahələrinin inkişafına, eləcə də gənclərin məşğulluq səviyyəsinin artırılmasına töhvə verilmiş olur.

Biznes inkubator yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətləri göstərən resurs mərkəzidir. Dünyada ilk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif xidmətlər göstərilir və hər bir inkubatorda bu xidmətlərin sayı fərqli olur. Biznes inkubatorlarda göstərilən başlıca xidmətlər əsasən, ofisin zəruri avadanlıqlarla təmin olunması, mühasibat uçotunun, kargüzarlığın aparılması, biznesin irəliləməsi strategiyasının hazırlanmasında məsləhətlər, sərmayə axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi və digər xidmətlərdir.

Azərbaycanda da biznes inkubatorun yaradılması istiqamətində ilk addım atılmışdır. Belə ki, 10 sentyabr 2014-cü il tarixində Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamışdır. Biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 11 mart 2011-ci il tarixli F-19 nömrəli əmri ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində, 24 may 2016-cı il tarixli F-58 nömrəli əmri ilə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində biznes inkubatorlar yaradılmışdır. Biznes inkubatorların təşkil edilməsinin başlıca məqsədi müvafiq iqtisadi rayonlarda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində 500 kv. metrə yaxın sahə Biznes inkubatorun fəaliyyəti üçün ayrılmış və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunmuşdur. Biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanması üçün seçilmişdir. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilmiş, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması,sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilmişdir.

2016-cı il martın 14-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış Biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədi ilə müsabiqə keçirilmişdir. İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi müsabiqə komissiyasının qərarına əsasən, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan 25 gənc Biznes inkubator üçün iştirakçı qəbul edilmişdir.

2017-ci il mayın 4-dən etibarən Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun yeni iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə təlimlərə başlanmışdır. 3 ay müddətində davam etmiş təlimlərdə yerli və xarici ekspertlər tərəfindən “Biznes ideyanı yarat”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Menecmentin əsasları”, “Brendin hazırlanması” və s. 12 mövzu üzrə təqdimatlar edilmiş, məruzələr oxunmuşdur.

Eyni zamanda 2016-cı il dekabrın 20-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi "İdeyadan biznesə doğru" müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin, "ASAN Xidmət"in, Azərbaycan Gənclər Fondunun nümayəndələri və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini qeyd ediblər.

Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş "İdeyadan biznesə doğru" müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib.

2017-ci il fevralın 14-də Aran Regional İnkişaf Mərkəzində gənclər üçün yaradılmış Azərbaycanda ikinci regional biznes inkubator üçün iştirakçıların (rezidentlərin) seçilməsi məqsədi ilə kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin internet səhifəsində müsabiqə haqqında elanlar dərc edilmiş və 14 fevral 2017-ci il tarixində keçirilmiş müsabiqənin nəticələrinə əsasən Aran iqtisadi rayonunun müxtəlif inzibati rayonlarında yaşayan 30 nəfər təşəbbüskar gənclərdən 21 nəfəri kənd təsərrüfatı, balıqçılıq, qablaşdırma, xırda istehsal, İKT, xidmət və s. sahələr üzrə biznes inkubator üçün iştirakçı qəbul edilmişdir.

May ayından etibarən biznes inkubatorun iştirakçıları üçün 3 ay müddətində biznes ideyanın yaradılması və işlənməsi üzrə mövzularda ödənişsiz treninqlərin keçirilməsi, növbəti 6 ay müddətində isə biznes ideyasının reallaşdırılması və biznesin qurulması üzrə ödənişsiz məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bununla yanaşı, biznes inkubatorun iştirakçıları Aran Regional İnkişaf Mərkəzində müasir tələblərə cavab verən ofislərlə təmin edilirlər. Bu məqsədlə Aran Regional İnkişaf Mərkəzində 6 otaq biznes inkubator üçün ayrılmışdır.

2017-ci il mart ayının 3-də Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, "ASAN xidmət"in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Arıçılar Assosiasiyası İctimai Birliyinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələrinin, biznes inkubator rezidentlərinin və Yevlax şəhərinin ətraf şəhər və rayonlarında (Mingəçevir, Ucar, Ağdaş, Göyçay, Bərdə, Zərdab) fəaliyyət göstərən təşəbbüskar gənclərin iştirakı ilə biznes inkubatorun fəaliyyətə başlamasına həsr olunmuş “Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu” mövzusunda konfrans keçirilmişdir.

Müəyyən edilmiş biznes inkubasiya mexanizmi əsasında gələcəkdə Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında və s. biznes inkubatorların yaradılması planlaşdırılır.

30 mart 2018-ci il tarixdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbirdə 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərkibində KOB evlərinin yaradılmasının sahibkarlığın, eləcə də biznes inkubatorların inkişafında, startapların dəstəklənməsində, müasir idarəçiliyin tətbiqində, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsində verəcəyi tövhələr iştirakçıların diqqətinə çatdırılmış, dövlət orqanlarının xidmətlərinin “vahid məkan” prinsipi əsasında təşkilinin kiçik və orta sahibkarlığın rolunun və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyəti vurğulanmışdır.

 

 

 

 

 

← Geriyə