Xəbərlər

  • Yenilənib 20.11.2020 16:36
  • Yaradılıb 20.11.2020 16:45

Buğdanın yeni keyfiyyət standartı təsdiq olunub

 

Əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək.

Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Buğdanın əsas keyfiyyət göstəriciləri (natura, qlüten miqdarı, düşmə ədədi, zülal və s.) unun keyfiyyət göstəricilərinə təsir edən əsas faktordur. Yeni standarta görə 1, 2 və 3-cü sinif ərzaqlıq buğda, eləcə də 4 və 5-ci sinif aşağı keyfiyyətli buğdanın keyfiyyət və təhlükəsizlik tələbləri sərtləşdirilib. 1, 2 və 3-cü sinif buğdaları çörək istehsalında istifadə olunur. 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır. Zəif buğda olduğundan daha keyfiyyətli buğda növlərinin qatılması ilə çörəkbişirmə üçün yararlı hala gətirilir. 5-ci sinif buğda isə keyfiyyət göstəricilərinə görə qida üçün yararsız buğda hesab edilir və əsasən heyvandarlıq, quşçuluq və digər sahələrdə istifadə olunur.

Standart layihəsinin müzakirəsində Kənd Təsərrufatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Qida Təhlükəsizliyi  Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq, Avropa və regional standartlar əsasında hazırlanıb. 

← Geriyə