Xəbərlər

  • Yenilənib 25.06.2020 14:23
  • Yaradılıb 25.06.2020 13:40

“Çiçəklənən Abşeron” layihəsi Novxanıda

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Abşeron rayonunun Novxanı kəndinin sakinləri yararlanır.

Bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Novxanı qəsəbəsində yaşayan ailələrə müxtəlif bitkilər (lavanda, bibəriyyə və s.) təqdim edilib. Layihə çərçivəsində Novxanı kəndində yaşayan 300-ə yaxın ailənin hər birinə 250-1000 ədəd müxtəlif bitkilərin (lavanda, bibəriyyə) verilməsi nəzərdə tutulur. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.

Qeyd edək ki, “Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir. Layihə çərçivəsində becərilən bitkilər hazırda abadlıq işlərində istifadə olunur. Gələcəkdə isə bu bitkilərin emalda, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunması, eləcə də xammal kimi ixracı nəzərdə tutulur.                    

Ümumilikdə, bu ilin əvvəlindən həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsi əsasında Balaxanı, Zirə və Novxanı qəsəbələri üzrə yaşayan 800-ə yaxın aztəminatlı ailəyə 200 minə yaxın müxtəlif bitkilərin verilməsi nəzərdə tutulur.

“Çiçəklənən Abşeron” layihəsi növbəti mərhələdə Ramana  və Şüvəlan qəsəbələrində həyata keçiriləcək.

KOBİA-nın təsis etdiyi “BİRGƏ” MMC ilə “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında bu ilin aprelində “Çiçəklənən Abşeron” layihəsinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

← Geriyə