Xəbərlər

  • Yenilənib 22.09.2021 15:11
  • Yaradılıb 17.09.2021 19:00

Çörəyin qiymətinin sabit saxlanılması üçün tədbirlər müzakirə edilib

 

İqtisadiyyat Nazirliyində taxıl idxalçıları və un istehsalçıları ilə görüş keçirilib. Müzakirələrdə Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına daim diqqət göstərdiyi vurğulanıb. Qeyd edilib ki, ölkədə kənd təsərrüfatının, aqrar emal sənayesinin dayanıqlı inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm önəm kəsb edir. Bunu nəzərə alaraq, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektorda davamlı islahatlar aparılır, bu sahəyə dövlət dəstəyi gücləndirilir.

Görüşdə vurğulanıb ki, dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ölkənin taxılla təminatı məsələsidir. Dünyada yaranan qlobal taxıl qıtlığı və bahalaşması səbəbindən taxıl istehsalçıları olan ölkələr daxili bazarda sabitliyi qorumaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Məsələn, MDB-də ən böyük tədarükçülərdən olan Rusiyada buğda istehsalı azalıb və daxili bazarın qorunması üçün ixrac rüsumları tətbiq edilir.

Bildirilib ki, buğdanın qiymətinin tələb-təklif əsasında bazar iqtisadiyyatı mexanizmləri ilə tənzimlənməsinə baxmayaraq, Azərbaycanda unun qiymətini sabit saxlamaq üçün dövlət bütün mümkün vasitələrdən istifadə edir və bu istiqamətdə dayanıqlı mexanizmlərin formalaşması istiqamətində işlər aparır.

Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarına dəyişikliklər də məhz bu cür tədbirlərdəndir. Qərara dəyişikliyə əsasən, ölkə daxilində satılan un və un məmulatlarının qiymət artımının qarşısının alınması məqsədilə un istehsalçılarına verilən subsidiyalar yeni mexanizmlər əsasında hesablanacaq. Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, buğdanın, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 01.01.2024-cü il tarixinədək uzadılıb.

Nazirlikdə keçirilən müzakirələrdə həyata keçirilən tədbirlərin, o cümlədən un və un məmulatları istehsalçılarına yeni mexanizmlər əsasında subsidiyaların verilməsinin unun və çörəyin qiymətinin sabit saxlanılmasına imkan yaradacağı vurğulanıb.

Görüşdə taxıl idxalçıları və un istehsalçılarının təklifləri dinlənilib, unun və çörəyin qiymətinin sabit saxlanılması tədbirləri barədə müzakirələr aparılıb.

Taxıl idxalçıları və un istehsalçıları dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində unun və çörəyin qiymətinin artırılması üçün iqtisadi əsasın olmadığını, görülmüş işlərin, qəbul olunan qərarların qiymətin sabit saxlanılmasına imkan yaratdığını vurğulayıblar.

← Geriyə