Xarici mətbuatdan

  • Yaradılıb 04.12.2013 13:59
  • Yenilənib 04.12.2013 13:59
  • Nəşr edilib 04.12.2013 13:59

"Forbes" jurnalı: Azərbaycan müstəqillik qazandıqdan sonra xeyli inkişaf etmişdir

 

Neft sənayesinin yarandığı məkan kimi tanınan Azərbaycan müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etmişdir. Neft və qaz sənayesi inkişaf etdikcə bu sahədən əldə edilən gəlir ölkənin təhsil və biznes sahələrinin inkişafına yönəldilir.
AzərTAc xəbər verir ki, bu fikirlər ABŞ-ın məşhur "Forbes" iqtisadi jurnalının növbəti nömrəsində dərc olunmuş məqalə-reportajda öz əksini tapmışdır.
Məqalə-reportajın müəllifi ABŞ-ın uğurlu iş adamı, səhmlər üzrə nüfuzlu mütəxəssis və birja investisiyaları üzrə menecer, "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" üçün mütəmadi surətdə məqalələr yazan və "CNBC", "CNN", "Fox News Channel" kanallarına müsahibələr və iqtisadi proqnozlar verən Hillari Kreymerdir.
Müəllif bildirir ki, bir vaxtlar Londonun rəmzi hesab olunan bənövşəyi taksilərə artıq Bakı küçələrində də tez-tez rast gəlmək mümkündür. Onun sözlərinə görə, bu taksilər Azərbaycanın iqtisadi yüksəlişinin əsas göstəricilərindən biridir.
Ölkəmizin qədim tarixindən bəhs edən H.Kreymer məqalədə Odlar Yurdu Azərbaycanın atəşpərəstlər üçün müqəddəs yer olduğunu bildirmişdir. Azərbaycanın zəngin mətbəxinin və qədim xalçaçılıq sənətinin vurğulandığı məqalədə ölkəmizin qədim musiqi janrı hesab edilən muğamın UNESCO-nun himayəsi altına alındığı qeyd edilmişdir.
Yazıda, həmçinin Azərbaycan hökumətinin turizm sahəsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanaraq bildirilir ki, ölkə rəhbərliyi turizmi uzunmüddətli perspektivdə ciddi gəlir mənbəyi kimi görür və bu sahənin inkişafına nail olmağa çalışır.
Diqqətə çatdırılır ki, 2012-ci ildə Azərbaycanda "Şahdağ" Qış-Yay Turizm Kompleksi açılmışdır. İl ərzində fəaliyyət göstərən kurort eyni vaxtda 10 min turistə xidmət edə biləcəkdir. Qafqazda ilk qolf sahəsi olan Quba Qolf Klubu hazırda Azərbaycanda tikilir. Beynəlxalq standartlara cavab verəcək qolf sahəsində dünya miqyaslı turnirlərin keçirilməsi nəzərdə tutulur.
Sonda müəllif Azərbaycan hökumətini təhsilin inkişafına da xüsusi diqqət yetirdiyini vurğulayaraq yazır: "Azərbaycan hökuməti idman ilə yanaşı, yeni təhsil müəssisələrinin yaradılmasına da sərmayələr yatırır. Buna nümunə kimi Azərbaycan Diplomatik Akademiyasının (ADA) yaradılmasını göstərmək olar. ADA-nın əməkdaş və professorlarının 30 faizi əcnəbidir, tələbələrin 25 faizi isə təhsil almaq üçün buraya başqa ölkələrdən gəlmişdir. Ölkənin neft-qaz sənayesi inkişaf edir, Azərbaycan enerji sahəsindəki innovasiyalara sərmayə yatırır və texnoloji yeniliklər hesabına əldə edilən iqtisadi artım inkişafa və sabitliyə köklənməyə davam edir. Bütün bunlar ən qabaqcıl infrastrukturun inkişafına və mütəxəssislərin hazırlanması üçün universitetlərin yaradılmasına ehtiyac doğurur".

 

"AzərTAc"
24 iyul

← Geriyə