İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:09
  • Yenilənib 19.04.2019 12:11
  • Nəşr edilib 01.10.2012 11:09

Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilat (GUAM)

 

Təşkilat haqqında ümumi məlumat. GUAM Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna tərəfindən 10 oktyabr 1997-ci il tarixində Avropa Şurasının Sammiti çərçivəsində təsis edilmiş regional təşkilatdır.

Üzv dövlətlər. Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova.

Məqsədləri. Təşkilatın əsas məqsədləri demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması; beynəlxalq və regional təhlükəsizlik və dayanıqlılığın möhkəmləndirilməsi, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropaya inteqrasiyanın dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi; sosial-iqtisadi, nəqliyyat, enerji, elmi, texniki və humanitar potensialın inkişaf etdirilməsidir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan 2007, 2012, 2016-cı illərdə GUAM-a sədrlik etmişdir. Həmçinin, ölkəmiz 2011-2012-ci illərdə nəqliyyat üzrə, 2011-2012, 2015-2016-cı illərdə informasiya texnologiyaları üzrə, 2013-2014-cü illərdə mədəniyyət və turizm üzrə, 2011-2018-cı illərdə  energetika üzrə işçi qruplarına koordinatorluq etmişdir.

17-18 noyabr 2016-cı il tarixlərində Kiyevdə keçirilmiş GUAM-ın İqtisadiyyat və ticarət üzrə işçi qrupunun növbəti iclasında İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

 27 mart 2017-ci il tarixində Kiyevdə keçirilmiş GUAM-ın Hökumət Başçılarının növbəti görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında 20 iyul 2002-ci il tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanmışdır. Sözügedən Protokol Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

2018-ci ildə GUAM-ın Azad ticarət zonasının yaradılması haqqında Sazişin razılığa gələn tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın iclasları keçirilmişdir. İclaslarda İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir.

← Geriyə