Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:52
  • Yenilənib 06.05.2019 15:46
  • Nəşr edilib 25.09.2012 07:52

Sahibkarlığın güzəştli maliyyələşmə mexanizmi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanına əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Belə ki, Qaydaya əsasən Fondun vəsaitindən sahibkarlıq subyektlərinə verilə biləcək kiçikhəcmli kreditlərin həddi 50 min manata, ortahəcmli kreditlərin həddi 1 milyon manata, böyükhəcmli kreditlərin həddi isə 10 milyon manatadək müəyyən olunmuşdur. Kiçik, orta və böyük həcmli kreditlərin müddətləri müvafiq olaraq 3 (üç), 5 (beş) və 10 (on) il, kreditlərdən istifadə üzrə güzəşt müddəti, kreditin istifadə müddətinin ilk 1/2 dövrünün əhatə ediləcəyi qeyd edilmişdir.

Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələri və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini rəhbər tutaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları əsasında 2002, 2004, 2005, 2006, 2009, 2011 və 2018-ci illərdə Fondun statusu və vəsaitlərinin istifadə edilməsi Qaydalarının təkmilləşdirilməsi nəticəsində güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır.

Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılmışdır ki, bu da əsas etibarilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti hesabına regionlarda istehsal və emal sahələrinin inkişaf etdirilməsi istiqamətində, həmçinin turizmin inkişafına yönəldilən kreditlərin həcmində hər il nisbi artımı müşahidə olunur. Qeyd edilənlərin reallaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondunun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;
  • maliyyə bazarlarından ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, və uyğun kredit mənbələrini formalaşdırmaq;
  • sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək və bu məqsədlə monitorinqlərin keçirilməsi qaydalarını müəyyənləşdirmək;
  • maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək, sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
  • sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;
  • sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;
  • sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;
  • ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;
  • sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək.

Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti haqqında daha ətraflı məlumatı Fondun internet səhifəsindən (www.edf.gov.az) əldə edə bilərsiniz.

 

← Geriyə