Xəbərlər

  • Yenilənib 04.06.2020 10:30
  • Yaradılıb 03.04.2020 09:05

İqtisadi artıma və sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri





 


Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.e-taxes.gov.az/new/downloads/Fealiyyet_kodlari_pandemiya_yeni.xlsx



Pandemiyadan zərər çəkmiş sahələrdə 300 min nəfər əmək müqaviləsi olan muzdlu işçinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Mexanizm çərçivəsində vergi ödəyicilərinin işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
 
Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.
 
<

 


Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.
 
Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.
 
N.Şirinov bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
 
Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuixarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.
 
N.Şirinov müraciətlərin göndərilməsi qaydası və mexanizmləri barədə də məlumat verib. Bildirilib ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Vergi ödəyiciləri Internet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə həmin bölməyə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən vergi ödəyicisinə dair reyestr və uçot məlumatları proqram tərəfindən avtomatik olaraq doldurulur. Bu, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar, 1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən isə pandemiyadan zərər çəkdiyi sahə və həmin sahədə fəaliyyət göstərən işçilərin sayı barədə məlumatlar sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd aparılır.
 
Bu qeydlər aparıldıqdan və müvafiq düymə sıxıldıqdan sonra avtomatik rejimdə daxil edilmiş məlumatların yoxlanılması həyata keçirilir. Bu yoxlamalar zamanı sistem tərəfindən bir sıra uyğunsuzluqlar aşkarlana bilər. Məsələn, müraciət edən sahibkarın riskli vergi ödəyiciləri ilə əməliyyatlar apardığı ortaya çıxa bilər. 1 mart tarixinə göstərilən işçi sayı ilə müraciət tarixinə olan işçi sayı ilə müqayisədə kəskin azalmalar, bank hesabının aktiv olmadığı müəyyən edilə bilər. Bu halda sistem tərəfindən həmin sahibkara müvafiq mesajlar verilir. Uçot məlumatlarında olan uyğunsuzluqların aradan qaldırlması ilə bağlı sahibkar müvafiq düzəlişləri edib yenidən müraciət edə bilər.
 
Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.
 
N.Şirinov ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək.
 
N.Şirinov bildirib ki, həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcları olsa belə, məqsədli vəsaitlərin ünvana çatdırılması üçün banklardan sərəncamların geri götürülməsi təmin olunacaqdır.
 
Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.
 
N.Şirinov vurğulayıb ki, işəgötürənlər özlərinin sosial məsuliyyəti məsələsini də yaddan çıxarmamalıdır. Muzdlu işçilərin əməkhaqqının ödənilməsinə dəstək dövlət tərəfindən ünvanlı şəkildə aparılır. Vəsait yalnız təyinatı üzrə, işçilərə əmək haqqı kimi ödənilməlidir. Muzdlu işçilərin əməkhaqları, həmçinin onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etməsi üçün sosial sığorta ayırmalarının da sahibkarın hesabına köçürülməsi təmin edilir. Vəsaitlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır, əks halda onlar dövlət büdcəsinə qaytarılacaq və müvafiq tədbirlər görüləcəkdir.
 
Hazırlanmış proqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etməsi ilə bağlı alt bölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə müvafiq alt bölmədən istifadə etməklə müraciət edə bilərlər. Bu zaman da, yuxarıda qeyd olunduğu kimi, müvafiq məlumatların bir hissəsi sistem tərəfindən elektron qaydada doldurulur. Bu, sahibkarın qeydiyyatda olduğu vergi orqanının adı, onun VÖEN-i və aktiv bank hesabları haqqında olan məlumatlardır. Sahibkar tərəfindən isə müraciətə müvafiq vergi rejimi barədə məlumatlar əlavə edilir. Belə ki, fərdi (mikro) sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərdikdə, onlara vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Bu rejimlərə sahibkarın 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi, fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması, sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi və dövriyyəsi 12 ay ərzində 200 min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi aiddir.
 
Sahibkar sistemdə bu vergi rejimlərindən birini və vəsaitin ödəniləcəyi bank hesabını qeyd edir. Bundan sonra sistem tərəfindən doldurulmuş məlumatların emalı aparılır və bu halda da sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Uyğunsuzluqlar əsasən sahibkarın qeyd etdiyi vergi rejimi ilə uçot baza məlumatlarında olan vergi rejiminin üst-üstə düşməməsi və ya aktiv bank hesabının olmaması, 2019-cü ildə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməməsi ilə bağlı ola bilər. Uyğunsuzluq aşkarlandıqda sahibkara müvafiq mesaj göndərilir. Əgər məlumatlar doldurularkən uçot-baza məlumatlarında olan reyestr məlumatları ilə sahibkarın doldurduğu məlumatlar arasında uyğunsuzluqlar olarsa, sahibkara bu məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət etməsi üçün imkan yaradılır. Beləliklə, sistem tərəfindən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin edilsin.
Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5000 manata qədər ola bilər.
 
N.Şirinov bildirib ki, göstərilən parametrlər üzrə aprelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı kütləvi müraciətlərin qəbuluna tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etməli olduqlarını xüsusi qeyd edib.
 



Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.
 
İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:
 
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:
 
Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.
 
Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
 
Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.
 
Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.
 
Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.
 
Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.
 
Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.
 
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.
 
Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.
 
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:
 
Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
 
Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
 
Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.
 
Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.
 
Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.
 
Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.
 
Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.
 
Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.
 
Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5.000 manat olacaq.
 
Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: https://bit.ly/39TJqtN
Tədbirlər planı: https://bit.ly/2yCb2Xr


← Geriyə