Xəbərlər

  • Yaradılıb 07.05.2019 17:49
  • Yenilənib 07.05.2019 17:52
  • Nəşr edilib 07.05.2019 17:00

İqtisadiyyat naziri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

 

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə İqtisadiyyat naziri ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, hazırda investisiyaların təşviqi və qarşılıqlı qorunması Sazişi üzrə müzakirələr aparılır. Azərbaycanda 230-a yaxın Hindistan kapitallı şirkət fəaliyyət göstərir, Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatında 1,2 mlrd. dollar investisiya yatırıb. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2018-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 84% artıb. Bu ilin birinci rübündə ticarət dövriyyəsi 66% artaraq 300 mln. dollara yaxın olub. Hər iki işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib. Hindistan şirkətlərinin istehsal etdiyi məhsullarının Azərbaycanda sərgiləri təşkil olunub.

Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən İqtisadiyyat naziri sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanları vurğulayıb, hindistanlı iş adamlarını Azərbaycanın sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr, tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin üstünlükləri barədə məlumat verib.

Hindistanın Azərbaycandakı Səfiri Bavitlunq Vanlalvavna təbrikə görə təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bildirib, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

← Geriyə