Xəbərlər

  • Yaradılıb 13.03.2019 12:27
  • Yenilənib 13.03.2019 12:27
  • Nəşr edilib 13.03.2019 09:00

İqtisadiyyat naziri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb


 İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri qəbul edib.

Görüşdə Haməd bin Abdulla bin Səud bin Xudeyri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edən Şahin Mustafayev səfirə Azərbaycandakı diplomatik və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. 

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil edilib. Bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb, Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Bununla yanaşı, bu ayın əvvəlində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumu (SAGIA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Bütün bunlar isə, iqtisadi əlaqələrimizin genişlənməsindən xəbər verir.

Nazir Şahin Mustafayev Riyad Ticarət və Səudiyyə Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləməsi, münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması, işğalçı Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina etməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensialı vurğulayıb, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

Görüşdə müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı, maliyyə, ticarət, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

 

← Geriyə