Xəbərlər

  • Yaradılıb 17.05.2019 15:15
  • Yenilənib 21.05.2019 14:29
  • Nəşr edilib 17.05.2019 14:00

İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edib

 

Mayın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Tovuzda Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağstafada Qazax və Ağstafa, Sahib Məmmədov isə Gədəbəy rayonlarından olan vətəndaşları qəbul ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, əkinçilik, quşçuluq, turizm obyektinin tikintisi, istilik avadanlıqlarının, tikinti materiallarının, mineral suların, yabanı bitkilərdən dərman istehsalı, meyvə emalı və qurudulması müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 60-a yaxın vətəndaş müraciət edib.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tovuzda, Ağstafada və Gədəbəydə təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (www.economy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

 

← Geriyə