Xəbərlər

  • Yaradılıb 18.01.2019 15:41
  • Yenilənib 18.01.2019 15:41
  • Nəşr edilib 18.01.2019 15:30

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidləri anılıb

 

Yanvarın 18-də İqtisadiyyat Nazirliyində Azərbaycan tarixinin qanlı, eyni zamanda şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar hadisələrindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə mübarizliyini daha da artırıb. Ayaz Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qətliamın təşkilatçılarını qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması üçün hər il dövlət səviyyəsində Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.

Sonra tarixçi alim Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edib.

İqtisadiyyat Nazirliyinin əməkdaşı Ülkər Manafova çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan 20 Yanvar hadisələri yaddaşlardan silinməyəcək, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim yaşayacaqdır.

Tədbirdə  20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs Məkan” filmi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında 20 Yanvarla bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

← Geriyə