İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 21.05.2020 11:22
  • Yaradılıb 01.10.2012 11:12

  İslam Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı - İƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusu almışdır. Hal-hazırda təşkilatın Baş Katibi cənab Yousef Al-Othaimeeni-dir.

Üzv dövlətlər. Əfqanıstan, Albaniya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bissau, Kot Divuar, Qana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Liviya, Malayziya, Maldiv Respublikası, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra-Leone, Somali, Sudan, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən.

Məqsədləri. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi, onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, irqi ayrı-seçkiliyin və hər hansı formada müstəmləkəçiliyin ləğvinin dəstəklənməsi, ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılmasından ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. İƏT istər zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri Konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. 2006-cı ilin iyun ayında Təşkilatın Xarici İşlər Nazirləri 33-cü Konfransı Bakıda keçirilmişdir. 2010-cu ildə İƏT-in qurumu olan İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısı Bakıda keçirilmişdir.

2019-cu  ilin 24-26 aprel tarixlərində Kazan şəhərində keçirilmiş Rusiya və İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XI Beynəlxalq iqtisadi sammiti – Kazan Sammiti 2019-da İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı təmin edilmişdir.

COMCEC-in üzv ölkələrinin 35-ci Nazirlər görüşü 25-28 Noyabr 2019-cu il tarixlərində İstanbul şəhərində keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

8-9 dekabr 2019-cu il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İƏT-in "Yüksək Səviyyəli dövlət və özəl sektorlar üzrə investisiya konfransı" keçirilmişdir. Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

← Geriyə