Xarici mətbuatdan

  • Yaradılıb 30.10.2013 12:21
  • Yenilənib 04.12.2013 13:46
  • Nəşr edilib 30.10.2013 12:21

İtaliyanın məşhur "İnfocus" portalında "Azərbaycanın İtaliya üçün əhəmiyyəti" sərlövhəli məqalə yerləşdirilmişdir

 

Məqalədə qeyd olunmuşdur ki, Azərbaycan enerji resursları marşrutlarının və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurla həyata keçirdiyi layihələr hesabına son illər sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Yazıda, həmçinin Azərbaycanın tarixindən, "Azərbaycan" sözünün mənşəyindən, ölkəmizdə yaşayan xalqlardan bəhs edilmişdir.
Müəllif bildirmişdir ki, min illərdən gələn dövlətçilik tarixinə malik, ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika qurmağa nail olmuş Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra - 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edə bilmişdir. Azərbaycanın yeganə və ən əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
ARDNŞ-in əldə etdiyi uğurlara toxunulan məqalədə bildirilmişdir ki, şirkət öz fəaliyyət dairəsini getdikcə genişləndirərək Gürcüstan, Türkiyə, Mərkəzi və Şərqi Avropa ölkələrində də böyük nüfuz qazanmışdır.
Məqalədə vurğulanmışdır ki, dünyanın aparıcı reytinq agentliklərinin illik hesabatına əsasən Azərbaycanın iqtisadiyyatı son onillikdə sürətlə inkişaf etmişdir. Ölkəmizdə kənd təsərrüfatının, yüngül sənayenin, telekommunikasiyanın, nəqliyyatın, turizmin və digər sahələrin də inkişafı üçün böyük potensial vardır.
Yazıda, həmçinin paytaxt Bakının son illərdə dəyişən simasının Azərbaycanın inkişafının en bariz göstəricilərindən olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, Bakı tarixdə ilk dəfə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
Müəllif 1990-cı illərdə ölkəmizi yaranmış çətinliklərdən xilas etmiş ümummilli lider Heydər Əliyevi müasir və suveren Azərbaycan dövlətinin banisi adlandırmışdır. Vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev artıq üçüncü dəfə xalqın etimadını qazanaraq Prezident seçilmişdir.
Məqalədə Avropa İttifaqında və qlobal enerji bazarında əhəmiyyətli tərəfdaş olan Azərbaycanın İtaliya üçün önəmli ölkə olduğu da diqqətə çatdırılmışdır. Həmçinin ölkələrimizin birgə həyata keçirdiyi enerji layihələrindən ətraflı məlumat verilmişdir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://infocusnewsanalysis.wordpress.com/2013/10/28/limportanza-dellazerbaijan-per-litalia/


"AzərTAc"
28.10.2013

 


← Geriyə