İnvestisiyalar

  • Yenilənib 23.08.2021 16:49
  • Yaradılıb 03.08.2017 11:10

İnvestisiya təşviqi sənədi

 

Yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 878 nömrəli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılmış, sənaye istehsalı ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.

İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə aiddir:

- mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma;

- torpaq və əmlak vergisindən tam azadolma;

- layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma.

2021-ci ilin 1 iyul tarixinədək 418 sahibkarlıq subyektinə 501 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 4,57 milyard manatdan artıq investisiyanın yatırılacağı, 33,9 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulmuşdur.

Eyni zamanda 2021-ci ilin I yarımili ərzində 21 sahibkarlıq subyektinə 21 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 133,3 milyon manat investisiyanın yatırılması və 1162 yeni iş yerinin açılması nəzərdə tutulur.

← Geriyə