İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 03.08.2017 07:26
  • Yenilənib 29.10.2018 15:35
  • Nəşr edilib 02.08.2017 10:25

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)

 

Təşkilat haqqında ümumi məlumat. 1961-ci ildə yaradılmışdır. Baş Qərargahı Paris şəhərində yerləşir. Hal-hazırda təşkilatın Baş Katibi cənab Angel Curriadır.

Üzv ölkələr. 35 üzv dövlətdən (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Meksika, Yeni Zenlandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri) ibarətdir.

Məqsədi. Üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etmək.

OECD və Azərbaycan. OECD-nin hər il Parisdə keçirilən  və əsas məqsədi OECD çərçivəsində Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, inkişafın bir çox sahələrində ölkələrlə əlaqələrin artırılmasından ibarət olan “Avrasiya həftəsi” adlı tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq iştirak təmin edilir. Tədbir çərçivəsində keçirilən Biznes Forum, İdarəetmə Şurasının iclaslarında Azərbaycan tərəfindən təqdimatla çıxış edilir. Avrasiya Həftəsinin əsas tərkib hissəsini Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı təşkil edir. Tədbir çərçivəsində təqdim edilən digər ölkələrin təhlil icmallarına dair hesabatlar dəyərləndirildikdən sonra Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı çərçivəsində ölkəmiz üçün 2017-ci ildə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalının həyata keçirilməsi razılaşdırılmışdır. 21-24 noyabr 2016-cı il tarixlərində Paris şəhərində keçirilmiş Avrasiya Həftəsində iqtisadiyyat nazirinin müavini iştirak etmiş və müvafiq təhlil icmalı ilə bağlı müzakirələr aparılmışdır. Təhlil icmalının həyata keçirilməsi proseslərinə başlamaq məqsədilə 26-27 aprel və 7 sentyabr 2017-ci il tarixlərində OECD nümayəndə heyətinin Bakıya səfəri baş tutmuşdur. Adıçəkilən təhlil icmalının həyata keçirilməsi proseslərinə başlamaq məqsədilə 19-20 aprel 2017-ci il tarixlərində OECD nümayəndə heyətinin Bakıya səfəri baş tutmuşdur. Səfərin əsas məqsədi adıçəkilən təhlil icmalına dair dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə seminarın keçirilməsi və bu təhlil icmalının tətbiqi ilə bağlı OECD-nin dəstəyinin müzakirə edilməsi olmuşdur. 23-25 oktyabr 2017-ci il tarixlərində Almatı şəhərində keçirilən Avrasiya Həftəsində İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir. Sözügedən təhlil icmalının əsas məqsədi 3 komponentdə öz əksini tapır ki, bu komponentlərdən biri yeni qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”icrasına dəstək göstərməkdən ibarətdir. Bununla əlaqədar, təhlil icmalı ilə əlaqədar strateji hədəf kimi müəyyən edilmiş istiqamətlər üzrə beynəlxalq təcrübəyə dair biliklərin bölüşməsi, bu sahədə OECD-yə üzv ölkələrin həyata keçirdikləri islahatlarla bağlı məlumatların təqdim olunması məqsədilə İqtisadiyyat Nazirliyi və OECD-nin birgə təşkilatçılığı ilə 7 dekabr 2017-ci il tarixində nazir müavini Sahib Məmmədovun sədrliyi ilə "Azərbaycanın KOS Yol xəritəsinin həyata keçirilməsinə və monitorinqinə dəstək" layihəsinin 1-ci iclası keçirilmişdir. 15 fevral 2018-ci il tarixində İqtisadiyyat Nazirliyi və OECD-nin birgə təşkilatçılığı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması üzrə islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilmişdir. 

6 iyun 2018-ci il tarixində baş tutmuş “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması üzrə islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” ilə bağlı təhlil icmalı çərçivəsində həyata keçirilən OECD və İN birgə təşkilatçılığı ilə "Azərbaycanın KOS Yol xəritəsinin həyata keçirilməsinə və monitorinqinə dəstək" layihəsinin 2-ci iclası, 26 sentyabr tarixində isə keçirilmiş 3-cü iclası ilə bağlı təşkilati məsələlər görülmüşdür.

 

← Geriyə