Xarici mətbuatdan

  • Yaradılıb 20.09.2012 10:49
  • Yenilənib 04.12.2013 13:51
  • Nəşr edilib 20.09.2012 10:49

İqtisadi mübarizəni uduzan Ermənistan siyasi mübarizəni də

uduzmağa məhkumdur

 

 

Amerika Birləşmiş Ştatlarının Forbes jurnalının "Dünyanın ən pis iqtisadiyyatları" hesabatında ikinci yeri tutan və Cənubi Qafqazda dənizə çıxışı olmayan Ermənistan həyəcan təbili çalmalıdır.

Bu da kifayət qədər aydındır ki, BMT-nin 4 qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamaq siyasəti onun iqtisadiyyatının inkişafına çox böyük maneə olur.

Rusiya və İran kimi regional qüvvələr, həmçinin diaspora tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan iqtisadiyyatının məhv olmasının qarşısını almaq mümkün deyil. Ermənistan əhalinin həyat səviyyəsini artırmaq üçün uzun müddətli iqtisadi plan hazırlamalıdır.

Dünya ölkələrinin avrozonada meydana gələn və daha da dərinləşən iqtisadi böhranın təsirlərinə məruz qalmamaq üçün tədbirlər gördüyü bir vaxtda regional qüvvələr tərəfindən Ermənistana xoşməramlı və əsaslı köməklik göstərilməsinə baxmayaraq, Ermənistan növbəti iqtisadi böhranın təsirlərindən kənarda qala bilməyəcək.

Sizə Forbes jurnalının hesablamasında istifadə olunan metodologiya maraqlı gələ bilər. Lakin onu qeyd edim ki, Beynəlxalq Valyuta Fonduna təqdim edilmiş məlumatlar Ermənistan tərəfindən təqdim edilib və bu məlumatlar keçmiş 3 ili əhatə etməklə yanaşı, gələn il barədə də müəyyən məqamları ehtiva edir. Bu məlumatlarda yüksək inflyasiya, aşağı inkişaf temp və mənfi ticarət saldosu kimi göstəricilər öz əksini tapıb. Bu mənfi göstəriciləri Ermənistan maliyyə naziri Vaş Qabrielyan 2008-2009 dünya iqtisadi böhranı ilə izah etməyə çalışır. Lakin reallıqda məsələ sadəcə xarici təsirlərlə bağlı deyil. Ölkənin mühüm struktur problemləri var və buna görə də ölkə daha çox ticarət əlaqələri saxlamalıdır. Lakin ticarət etmək Azərbaycan torpaqlarını işğal etməyə bənzəmir.

Mövcud status-kvonu saxlamaq və Dağlıq Qarabağın müstəqil olmasına nail olmaq ümidi ilə Ermənistan əsas kapitalını, xüsusilə də insan kapitalını itirir. Ermənistanı tərk edən əhalinin sayı məlum deyil. Sadəcə rəsmi rəqəmlərə görə, keçmiş 3 il ərzində 80 min insan ölkəni tərk etmişdir. QHT-lərin hesablamalarına görə isə bu göstərici bir neçə yüz mindir. Ötən 4 ay ərzində isə 45 min insanın ölkəni tərk etməsi iddia olunur.

Bu rəqəmlərin hansı səviyyədə olmasından asılı olmayaraq, münaqişənin başladığı 2 onillik ərzində əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsi açıq şəkildə görünür. İnsanlar özlərinə daya yaxşı iş və yaşayış şəraiti axtarır. Ən əsası isə budur ki, ölkəni tərk edənlər içərisində yüksək ixtisaslı insanlar, cəmiyyətin qaymaqları üstünlük təşkil edir. Ölkənin milli sərvətinin əsas hissəsi olan insan kapitalının itirilməsi Ermənistanın yeganə problemi deyil. Bu ölkənin digər problemi isə maliyyə kapitalının xaricə axınıdır.

Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan regionun əsas qüvvələri olan, Avropadakı iqtisadi böhrana baxmayaraq, iqtisadiyyatları sürətlə inkişaf edən Türkiyə və Azərbaycanla ticarət əlaqələri saxlaya bilmir. Ötən kvartalda rekord səviyyədə iqtisadi artım göstəricisinə nail olan və hətta bu göstəriciyə görə Çini ötüb keçən Türkiyə 1993-cü ilin aprel ayından Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla sərhədi bağlamışdır. Türkiyə Qərbin sərhədlərin açılması üçün etdiyi təzyiqlərə baxmayaraq, sərhədlərin yalnız Dağlıq Qarabağ probleminin həll edilməsindən sonra açılacağını bildirmişdir.

Ermənistanın yeganə itkisi Türkiyə ilə əlverişli ticarət əlaqələri saxlaya bilməməsi deyil. Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir sıra mühüm layihələrdən kənarda qalıb. Türkiyə vasitəsilə Avropa bazarlarına çıxa bilməməsi də Ermənistan iqtisadiyyatı üçün çox böyük itkidir.

Hamı çox gözəl xatırlayır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ermənistana işğal etdiyi torpaqların qaytarılması müqabilində Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində Ermənistanın da iştirakını təklif etmişdi. Lakin bu layihədə Ermənistanın əvəzinə Gürcüstan iştirak etdi, bu isə Ermənistan iqtisadiyyatı üçün böyük itki hesab olunur.

Eyni vəziyyət dəmiryolu layihəsinə də aiddir. Yalnız bir nümunə göstərək ki, Azərbaycan birinci mərhələdə Gürcüstana layihənin icrası üçün 200 milyon dollar vəsait ayırdı, ikinci mərhəldə isə 575 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur. Əgər Ermənistan işğala son qoysa və Azərbaycanla müsbət münasibətlər saxlasa, bu investisiyalar asanlıqla Ermənistana qoyula bilərdi. Bu layihənin gələn ilin sonunda başa çatması nəticəsində Azərbaycan və Gürcüstan regionun nəqliyyat dəhlizinə çevriləcək. Ələtdə Xəzər dənizinin ən böyük dəniz limanının inşası bu dəmiryolunun Cənubi Asiyaya qədər uzanmasına şərait yaradacaq. Beləliklə şərq və qərb ticarət yolları birləşəcək. Nəticə etibarilə Ermənistan enerji və nəqliyyat layihələrindən kənarda qalmaqla, həm strateji, həm də ticari baxımdan itkiyə məruz qalır.

Münaqişə ilə əlaqədar Ermənistan həmçinin, Cənubi Qafqazın əsas iqtisadi qüvvəsi ilə əlaqələrini itirmişdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni, neft çıxarma sənayesi hesabına isə Cənubi Qafqazın ixrac potensialının 90%-ni təşkil edir. Ötən 7 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, ÜDM isə 300% artmışdır. Bununla yanaşı, ölkə statistikasına əsasən, əhalinin hər nəfərinə düşən gəlirləri xeyli dərəcədə artmış, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Yalnız ötən il ərzində Azərbaycana 16 milyard dollar həcmində investisiya qoyulmuşdur. 2011-ci ilin birinci yarısında isə, ölkə iqtisadiyyatına 5,7 milyard dollar həcmində investisiya yönəldilmişdir. Bu resursların 70%-dən çoxu ölkənin qeyri-neft sahələrinin inkişafını ehtiva edən diversifikasiya siyasətinin tərkib hissəsi olaraq, kənd təsərrüfatı sahəsinə yönəldilmişdir.

Belə bir vəziyyət Ermənistanın xeyrinə deyil. Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı daim danışıqları uzatmağa çalışmışlar. Çox təəssüf ki, keçən ay Azərbaycan və Ermənistan arasında Rusiyanın sədrliyi ilə keçirilən Kazan danışıqları heç bir nəticə vermədi. Lakin mən status-kvonun Ermənistanın xeyrinə olmasına inanmıram. Düşünürəm ki, dünya iqtisdiyyatındakı böhran ərəfəsində danışıqların uzanması Ermənistana daha çox zərər gətirəcək və nəticədə böyük iqtisadi imkanlarını itirəcək.

"Today's Zaman" qəzeti

http://www.todayszaman.com/columnistDetail_getNewsById.action?newsId=251390

 

← Geriyə