Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 08:00
  • Yenilənib 06.05.2019 15:58
  • Nəşr edilib 25.09.2012 08:00

Sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.

Sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi meyarları onların işçilərinin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur (cədvəldə verilmişdir).

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

meyarları

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları

İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig)

(min manat)

Mikro sahibkar

1 - 10

ig ≤ 200

Kiçik sahibkar

11 - 50

200 < ig ≤ 3 000

Orta sahibkar

51 - 250

3 000 < ig ≤ 30 000

İri sahibkar

251 və ondan yuxarı

30 000 < ig

 

Sözügedən meyarlara əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro, işçilərinin siyahı sayı 11 nəfərdən 50 nəfərədək və ya illik gəliri 200 min manatdan 3.000 min manatadək olan sahibkarlıq subyektləri kiçik, işçilərinin siyahı sayı 51 nəfərdən 250 nəfərədək və ya illik gəliri 3.000 min manatdan 30.000 min manatadək olan sahibkarlıq subyektləri orta, işçilərinin siyahı sayı 251 nəfər və ondan yuxarı və ya illik gəliri 30.000 min manatdan yuxarı olan sahibkarlıq subyektləri iri sahibkarlıq subyektləri hesab edilir.  

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Meyarlara əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 3-cü hissəsinə əsasən sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları əsasında həyata keçirilir. Beynəlxalq təcrübə araşdırılaraq müəyyən edilmiş yeni meyarlar həmin dəstək və güzəştlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradır.

 

← Geriyə